Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi, şairə Nigar Həsənzadənin təşəbbüsü ilə həyata keçirilən "Söz" ədəbi layihəsinin mayın 17-də təşkil olunan növbəti sənət axşamı görkəmli şair, dramaturq, mütəfəkkir Hüseyn Cavidin xatirəsinə həsr olunub.
Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən tədbirdə qonaqlar öncə Hüseyn Cavidin qardaşı qızı Gövhər xanımın çıxışını dinləyiblər. O, şair-dramaturqun və ailəsinin faciəli taleyindən, uşaqlıq xatirələrindən söz açıb.
Sonra Xalq şairi Sabir Rüstəmxanlı Hüseyn Cavidə həsr etdiyi şeirlərini oxuyub, "Söz" layihəsinin bu tədbirlərinin əhəmiyyətini qeyd edib.
Gənc yazıçı və şair Sayman Aruz Hüseyn Cavid haqqında maraqlı fikirlərini bölüşüb.
Əməkdar artist Mehriban Zəki, aktyorlar Tural Əhməd, Elxan Rza və Kamran Yunus böyük ədibin əsərlərindən parçalar səsləndiriblər.
Gecədə Hüseyn Cavidin şeirlərini rus dilinə tərcümə edən gənc şair İren Tasalova öz tərcümələrini təqdim edib. Gənc şair Mehman Rəsulov isə həmin şeirlərin orijinal versiyasını oxuyub.
Sonda layihənin ən gənc iştirakçısı, 12 yaşlı Əsgər Novruzovun ifasında "İblis" poemasından bir parça səsləndirilib.