Mayın 23-də Yevlax şəhərindəki Heydər Əliyev Sarayında Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin (MEMM) və Bərdə Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə "Xalq teatrları və dram dərnəklərinin fəaliyyətinə yeni yanaşma" mövzusunda seminar keçirilib.
Seminarın məqsədi regionlarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin işində eksperiment yolu ilə yeni formatların müəyyənləşdirilməsi, onların fəaliyyətinin təkmilləşdirilməsi, sahə üzrə mövcud problemlərin həlli yollarının müzakirəsidir.
Tədbirdə Gəncə, Bərdə, Kürdəmir və Ağdaş regional mədəniyyət idarələrinin nəzdindəki mədəniyyət mərkəzləri (filialları ilə birlikdə), digər mədəniyyət evləri və klublarda fəaliyyət göstərən xalq teatrları və dram dərnəklərinin rəhbərləri iştirak edib. Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, regional idarənin Yevlax rayonu üzrə nümayəndəsi Rafiq Məmmədov, Mərkəzin əməkdaşları Elnarə Hacıyeva, Hikmət Nəbili və digərləri seminarda çıxış ediblər.
Tədbir çərçivəsində MEMM tərəfindən hazırlanmış ssenari əsasında Yevlax şəhər Bəşir Səfəroğlu adına Xalq teatrının aktyorları Elnurə Babayeva, Rüfət Quliyev və Qədir Abbasov yeni formatda interaktiv səhnəsiz tamaşa nümayiş etdiriblər.
A.Usubəliyev yüksək texnologiyalar zamanında ənənəvi teatrı ancaq müasir yanaşmasının yaşadacağını vurğulayıb.
Qeyd olunub ki, xalq teatrları bölgələrdəki mədəni həyatı canlı saxlayır, istedadlı aktyorların üzə çıxarılmasına kömək edir. Xalq teatrları gənclər üçün çox lazımlıdır. İstər əhalinin mədəni istirahətinin təşkili, istərsə də maarifçilik işlərinin həyata keçirilməsində xalq teatrları fəallıq göstərməli, eksperimental tamaşalar qurulmalı, gənc istedadlı və cəsarətli rejissorlardan istifadə edilməlidir.
Sonda mövzu ətrafında geniş diskussiya aparılıb və xalq teatrının üzvlərinə sertifikat təqdim edilib.