SSRİ Xalq artisti, görkəmli rejissor, pedaqoq, professor Mehdi Məmmədovun (1918-1984) Fəxri xiyabandakı məzarı mayın 22-də, anadan olmasının 100-cü ildönümündə Akademik Milli Dram Teatrının kollektivi tərəfindən ziyarət olunub.
Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov anım mərasimində Mehdi Məmmədovun Azərbaycan teatrının inkişafında xidmətlərindən danışıb. Sənətkarı Azərbaycan teatrı və mədəniyyətinin böyük simalarından biri kimi səciyyələndirən A.Nemətov deyib: "Mehdi Məmmədov həm Akademik Milli Dram Teatrında, həm də Teatr Xadimləri İttifaqında böyük işlər görüb. Onunla bağlı çox gözəl xatirələrim var. O, təkcə sənətkar deyil, müəllim və insan kimi də yüksək mənəvi keyfiyyətlərə malik idi".
Mehdi Məmmədovun ailə üzvləri adından çıxış edən Əsəd Məmmədov deyib: "Teatr onun həyatı idi. Mehdi Məmmədov öz həyatını teatrsız təsəvvür edə bilmirdi. Teatra olan hədsiz marağının nəticəsi idi ki, ruhani atasının iradəsi əleyhinə çıxaraq bu sənəti seçmişdi. Ömrünün sonuna qədər müəllim oldu, tələbələr yetişdirdi, teatrımızın inkişafı üçün əlindən gələni etdi".
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 23 aprel tarixli sərəncamına əsasən Mehdi Məmmədovun 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq.