Mayın 22-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Güney Azərbaycandan olan tanınmış rəssam, heykəltəraş və musiqiçi soydaşımız Vədud Müəzzinin fərdi yaradıcılıq sərgisinin açılışı oldu. 
   Tədbiri giriş sözüylə Mədəniyyət Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov açaraq rəssamı yenidən Bakıda sərgisinin keçirilməsi münasibətilə təbrik etdi, onun çoxşaxəli yaradıcılığı haqqında danışdı. Bildirdi ki, təsviri sənət ustası və musiqiçi kimi tanınan V.Müəzzinin müxtəlif ölkələrdə sərgi və konsertləri keçirilib. 
   İranın ölkəmizdəki səfirliyinin Mədəniyyət mərkəzinin rəhbəri Əsgər Farsi çıxışında V.Müəzzinin iki ölkə arasında dostluq ilişkilərinin qurulmasında böyük rol oynadığını diqqətə çatdırdı. O qeyd etdi ki, ölkələrimiz arasında mədəni əlaqələr yüksək səviyyədədir və mədəniyyət mərkəzi Azərbaycan Rəssamlar İttifaqı (ARİ) ilə yaxından əməkdaşlıq edir. Qarşıda Azərbaycanın qadın rəssamlarının İranda sərgisinin açılması gözlənilir.
   ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov rəssam V.Müəzzinin Bakıda sərgilərinin açılmasından, onunla dostluğundan, rəsm və musiqi yaradıcılığından söz açdı və sənətkara uğurlar dilədi. 
   V.Müəzzin çıxış edərək sərginin təşkilində zəhmət çəkən hər kəsə minnətdarlığını bildirdi. 
   Çıxışlardan sonra Dövlət Qədim Musiqi Alətləri Ansamblı tədbir iştirakçılarına bir neçə musiqi nömrəsi ərməğan etdi. Ardınca iştirakçılar sərgi ilə tanış oldular.
   Sərgidə rəssamın 80-dən çox əsəri nümayiş olunur. Əsərlərin hamısı realizm üslubundadır, amma ayrı-ayrı janrları əhatə edir.
   İlk olaraq portretlər diqqəti cəlb edir. Bura o taylı-bu taylı Azərbaycanın tanınmış şəxsiyyətlərinin portretləri daxildir. Onların arasında Cabbar Qaryağdıoğlunun, Habil Əliyevin, Vasif Adıgözəlovun, Əlibaba Məmmədovun, Ömər Eldarov və başqalarının rəsmləri var. Sonra isə dəniz və kənd mənzərələri və natürmortlar göz oxşayır. Rəssam gerçəkliyi ustalıqla kətana köçürə və tamaşaçını öz cazibəsinə sala bilir. 
   Bildirək ki, Vədud Müəzzin 1958-ci ildə Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. 1980-ci ildən peşəkar rəssamlıq fəaliyyətinə başlayıb. Rəsm və incəsənət kurslarında iştirak edib, Türkiyənin Memar Sinan Universitetini bitirib. Los Anceles, Paris, Kanada, İranın Təbriz, Urmiya, Rəşt, Ənzəli və Ərdəbil şəhərlərində fərdi sərgiləri təşkil edilib. Bir sıra beynəlxalq sərgilərin iştirakçısıdır. Rəssamın Bakıda ilk fərdi sərgisi 2002-ci ildə Milli İncəsənət Muzeyində keçirilib. 2014-cü ildə növbəti sərgisi Muzey Mərkəzində təşkil olunub. O, 2002-ci ildən Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvüdür. 
   Sərgi ayın 26-dək davam edəcək. 
   
   S.Qaliboğlu