Mayın 23-də Mədəniyyət Nazirliyi Kinematoqrafiya şöbəsinin təşkilatçılığı ilə rejissor Tahir Əliyevin "Parisdən məktublar" sənədli filmi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayında nümayiş olundu.
Filmin nümayişi Mədəniyyət Nazirliyi və Penitensiar Xidmətin təsdiq etdiyi "Müddətli həqiqi hərbi xidmət keçən şəxsi heyətin, cəza çəkən məhkumların asudə vaxtlarının səmərəli keçirilməsi, vətənpərvərlik ruhunun artırılması məqsədilə birgə işlərə dair" tədbirlər planına uyğun olaraq həyata keçirilirdi.
Tədbirdə nazirliyin Milli filmlərin istehsalı və qeydə alınması sektorunun müdiri Aydın Hüseynov, "Salnamə" sənədli filmlər studiyasının direktoru Nazim Hüseynov və mühafizə alayının şəxsi heyəti iştirak edirdi.
Alay komandirinin tərbiyə işləri üzrə müavini, ədliyyə polkovnik-leytenantı Əfqan Nəbiyev filmin nümayişinin təşkilinə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi. Vurğulandı ki, Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Xalq Cümhuriyyətinin 100 illiyi dövlət səviyyəsində qeyd edilir. Penitensiar Xidmətin tabe qurumları da bu münasibətlə müvafiq tədbirlər keçirirlər.
Filmin rejissoru Tahir Əliyev bildirdi ki, sənədli ekran əsəri görkəmli ictimai-siyasi xadim, Cümhuriyyət Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun həyat və siyasi fəaliyyətindən bəhs edir. Ssenari müəllifi Əməkdar incəsənət xadimi İntiqam Qasımzadə olan filmin çəkilişləri Moskva, Tbilisi, Sankt-Peterburq və Parisdə aparılıb.
Filmdə Ə.Topçubaşovun AXC-ni Versal Sülh Konfransında təmsil edən nümayəndə heyətinin rəhbəri kimi fəaliyyəti geniş əks olunub. 1920-ci ildə Xalq Cümhuriyyəti bolşevik Rusiyası tərəfindən işğal olunduğuna görə Parisə gedən nümayəndə heyəti vətənə geri dönə bilmir. Rejissor filmin ərsəyə gəlməsində görkəmli diplomat Ramiz Abutalıbovun da böyük əməyinin olduğunu vurğuladı.
Daha sonra film nümayiş olundu. Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnamə" studiyasında lentə alınan filmin operatoru Elşən Əliyev, musiqi tərtibatçısı Azər Əsgərov, montajçısı Rauf Əliyevdir.
Lalə Azər