Noyabrın 1-dən 4-dək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtında Azərbaycan Mədəniyyətlərarası Cəmiyyəti, Avropa Azərbaycan Cəmiyyəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə ənənəvi Azərbaycan-London Kino Festivalı keçiriləcək. Gənc azərbaycanlı rejissorlara öz sənət əsərlərini beynəlxalq səviyyədə nümayiş etdirmək imkanı yaradan festivalın açılış mərasimində britaniyalı kinosevərlərə bədii və sənədli filmlərimiz təqdim olunacaq.
   Son illər ölkəmizdə lentə alınmış filmlərin "Shortwave cinema" kinoteatrında, Afrika və Şərqşünaslıq məktəbində və London Universitetində nümayiş etdirilməsi nəzərdə tutulur. Tədbir çərçivəsində Londonda yaşayan gənc azərbaycanlı rəssam Nailə Zülfüqarovanın sərgisi də keçiriləcək.