Ölkəmizin İspaniyadakı səfirliyi tərəfindən mayın 22-də Madriddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli qəbul keçirilib.
Mərasimdə səfir Anar Məhərrəmov 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edildiyini qeyd edərək milli dövlətimizin mövcud olduğu iki il ərzində əldə edilən nailiyyətlərdən söz açıb.
Tədbirin bədii hissəsində Xalq artisti Zabit Nəbizadənin başçılıq etdiyi musiqi heyəti tərəfindən ifa edilən "Qarabağ şikəstəsi" və "Sarı gəlin" xalq mahnıları, həmçinin İspaniyanın Kraliça Sofiya Ali Musiqi Məktəbində təhsil alan həmyerlimiz Kamran Ömərli tərəfindən skripkada səsləndirilən Qara Qarayevin "İldırımlı yollarla" baletindən və Corc Bizenin "Karmen" operasından musiqi parçaları tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.
İştirakçılar Azərbaycan milli mətbəxinin ən gözəl təamlarından dadıb, ölkəmizin tarixini və milli adətlərini özündə əks etdirən guşəyə baxıblar.
* * *
Koreya Respublikasının paytaxtı Seulda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illik yubileyi münasibətilə mərasim təşkil edilib. Ölkəmizin böyükelçisi Rəmzi Teymurov müsəlman dünyasında ilk dünyəvi, demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolu barədə danışıb.
Koreya Respublikası Xarici İşlər Nazirliyinin əməkdaşı Mun Duk-ho Azərbaycan və Koreya dillərinin Altay dil qrupuna aid olduğunu xüsusi vurğulayaraq iki ölkənin bir-birindən uzaqda yerləşməsinə baxmayaraq, xalqlarımız arasında mədəni və mənəvi yaxınlığın olduğunu bildirib.
Sonra iki ölkə arasında mədəni sahədə əməkdaşlığa verdiyi dəstəyə görə Koreya Mədəniyyət Assosiasiyasının prezidenti Ce-min Conqa Azərbaycan səfirliyinin mükafatı təqdim olunub.
Mərasimdə Bakı Milli Geyim Evinin modelyeri Könül Vəlibəylinin hazırladığı milli geyimlərimiz nümayiş olunub. İştirakçılar Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərovanın hazırladığı milli təamlarımızın dadına baxıblar.