İsveçrənin paytaxtı Bern şəhərində yerləşən Bellevue sarayında Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü münasibətilə rəsmi qəbul keçirilib.
Mərasimdə çıxış edən ölkəmizin İsveçrə Konfederasiyası və Lixtenşteyn knyazlığındakı səfiri Xanım İbrahimova 1918-ci ildə müsəlman Şərqində ilk demokratik və dünyəvi respublikanın Azərbaycanda qurulduğunu və azərbaycanlıların bununla fəxr etdiklərini bildirib.
İsveçrənin xarici işlər üzrə dövlət katibinin müavini Kristina Marti Lanq Azərbaycanla İsveçrə arasında 1992-ci ildə əsası qoyulan diplomatik münasibətlərin getdikcə gücləndiyini bildirib. Qeyd edilib ki, İsveçrə ikitərəfli münasibətlərin müsbət dinamikasının səviyyəsindən məmnundur.
Sonra Xalq artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Fidan Hacıyeva, gənc istedadlar və beynəlxalq müsabiqələr laureatları Səidə Tağızadə (fortepiano), Elvin Qənizadə (skripka) və Cəmilə Qarayusifli (skripka) konsert proqramı ilə çıxış ediblər. Musiqiçilərin ifasında Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettasından bir hissə, Ədilə Hüseynzadənin "O gözü ceyran", Qara Qarayevin "Vals", Fikrət Əmirovun "Muğam poeması", Müslüm Maqomayevin "Azərbaycan" mahnısı, əcnəbi bəstəkarların əsərləri sürəkli alqışlarla qarşılanıb.