Biz haqlı olaraq fəxr edirik ki, ilk dəfə müsəlman aləmində 
   demokratik respublikanı Azərbaycan xalqı yaradıb
   
   Mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva rəsmi qəbulda iştirak ediblər.
   Mərasimdə nitq söyləyən dövlətimizin başçısı bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. Biz haqlı olaraq fəxr edirik ki, ilk dəfə olaraq müsəlman aləmində demokratik respublikanı Azərbaycan xalqı yaradıb: "Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır". 
   Prezident vurğulayıb ki, Azərbaycan dövləti Cümhuriyyətin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Bu il Azərbaycanda "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan olunub və həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə yubileylə bağlı böyük tədbirlər keçirilir. Qeyd olunub ki, Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, bu müddət ərzində böyük işlər görülmüşdü: "Mən tam əminəm ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və ən inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki bizim təbii ehtiyatlarımız, coğrafi yerləşməyimiz imkan verirdi ki, bu təbii resurslardan biz səmərəli şəkildə istifadə edək. Əfsuslar olsun ki, biz müstəqilliyi itirdik. Bu, bir daha onu göstərir ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətin işdir".
   Dövlət başçısı nitqində Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi çətinliklərdən də bəhs edib: "Müstəqilliyimizin ilk illəri ölkəmiz üçün faciəli, çox ağır illər kimi tarixdə qaldı. Əfsuslar olsun ki, Azərbaycan rəhbərliyində olan qüvvələr 1991-1993-cü illərdə ölkəmizi lazımi səviyyədə idarə edə bilməmişlər".
   Vurğulanıb ki, Azərbaycan xalqı 1993-cü ildə öz liderini - Heydər Əliyevi hakimiyyətə dəvət etməklə nə qədər müdrik xalq olduğunu bir daha sübut edib: "Heydər Əliyevin hakimiyyətə dəvət edilməsinin bir çox səbəbləri var idi. İlk növbədə, onun Azərbaycanın rəhbəri kimi 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər, Azərbaycanın inkişafı, quruculuq və abadlıq işləri xalqın yaddaşında əziz xatirə kimi qalmışdır".
   1993-cü ilin tariximizdə dönüş nöqtəsi olduğunu deyən Prezident bildirib ki, əslində, bizim müstəqil tariximiz o ildən başlayıb. 1993-cü ildən başlayaraq bu günə qədər Azərbaycan, sözün əsl mənasında, müstəqil həyat yaşayır. Bu dövrdə dövlətçiliyin əsasları qoyulub, müstəqil dövlətin Konstitusiyası qəbul edilib, milli ideologiyamız qəbul olunub, azərbaycançılıq məfkurəsi bu gün bizim ideoloji əsaslarımızı təşkil edir: “Bir sözlə, 1993-cü ildən başlayaraq Azərbaycan inkişaf yolu ilə inamla gedir və bu gün bu inkişaf davam edir. 2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Biz güclü, qüdrətli dövlət qura bilmişik".
   Prezident qeyd edib ki, müstəqil dövlət kimi Azərbaycan humanitar sahədə tarixi nailiyyətlərə imza atıb: "Bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzlərindən biri kimi tanınır. Bizim nümunəmiz, bizim gördüyümüz işlər dinlərarası, millətlərarası dialoqun güclənməsinə gətirib çıxarır və nəticə etibarilə sabitliyə, təhlükəsizliyə xidmət göstərir".
   Dövlət başçısı çıxışının sonunda bir daha vurğulayıb ki, müstəqillik ən böyük sərvətimizdir: "Müstəqillik ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir".