Mayın 29-da Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Cümhuriyyət tələbələri" sənədli filminin təqdimatı keçirildi. 
   Filmin nümayişindən əvvəl nazirliyin Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov çıxış edərək bildirdi ki, bu günlər Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi bütün vətəndaşlarımızda qürur hissi yaradır. Qeyd olundu ki, Cümhuriyyətin 100 illiyi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncama uyğun olaraq hazırlanan tədbirlər planı çərçivəsində Mədəniyyət Nazirliyi müxtəlif layihələr həyata keçirib. Onlardan biri də bu gün təqdim edilən sənədli filmdir. 
   Diqqətə çatdırıldı ki, dövlət sifarişi əsasında "Salnamə" studiyasında çəkilən ekran əsəri Xalq Cümhuriyyəti dövründə təhsil almaq üçün xaricə göndərilən tələbələrə həsr olunub. Sektor müdiri qeyd etdi ki, bu mövzuya sovet dövründə müəyyən qədər müraciət olunub, lakin o filmlərdə mövzu mövcud ideologiyaya uyğun göstərilirdi. Bu mövzuya 80-ci illərin ikinci yarısında geniş şəkildə müraciət edilməyə başlanıldı. Zaur Məhərrəmov, Xamis Muradov və başqa rejissorlar filmlər ərsəyə gətirdilər. "Cümhuriyyət tələbələri" filmi qısa zamanda çəkilən filmdir və Cümhuriyyətin bu səhifəsini ekranda əbədiləşdirir.
   Filmin rejissoru Tahir Əliyev ekran əsərinin ərsəyə gəlməsində köməyi keçən Ramiz Abutalıbova xüsusi təşəkkürünü bildirdi. Vurğuladı ki, "Salnamə" studiyasında artıq 10 ilə yaxındır ki, bu mövzuda filmlər çəkilir. Filmdə 102 tələbənin Avropaya oxumaq üçün göndərilməsində əməyi olan insanlar haqqında məlumatlar yer alıb. Ekran əsərində həmin tələbələrin taleyinə işıq salmaq mümkün olmasa da, onlar haqqında ümumi məlumat yer alır. Təxminən 30 dəqiqə xronometrajı olan filmdə zəngin arxiv materiallarından istifadə edilib. 
   Daha sonra film nümayiş olundu. Filmin ssenari müəllifi Dilqəm Əhməd və Tahir Əliyev, operatoru Əminə Həsənli, bəstəkarı Azər Hacıəsgərli, baş məsləhətçisi Ramiz Abutalıbov, prodüseri Nazim Hüseynovdur.
   
   Lalə Azəri