Mayın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların respublika müsabiqəsinin yekun konserti keçiriləcək.
Müsabiqənin I turu regional mədəniyyət idarələri üzrə yerlərdə, II turu Bakı şəhərində keçirilib. Üç yaş qrupunda (I qrup 9-11, II qrup 12-14, III qrup 15-17) simli (violin, viola, violonçel), nəfəsli (fleyta, klarnet, valtorna, truba) və zərb (ksilofon, vibrofon) alətləri üzrə keçirilən müsabiqədə respublikanın müxtəlif musiqi təhsili müəssisələrindən şagirdlər iştirak edib.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin sədrlik etdiyi tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti 120-yə yaxın gənc ifaçının çıxışını qiymətləndirib. Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan şəhər, Bərdə, Quba, Qusar, Şamaxı rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri müxtəlif dərəcəli diplomlara, hədiyyə və fəxri fərmanlara layiq görülüblər.