Ötən əsrin 60-80-ci illəri rəssamlarımızın əsərlərində
"YARAT" Müasir İncəsənət Mərkəzində "Əmək, istirahət və xəyallar: 1960-1980-ci illər Azərbaycan ustadlarının gözləri ilə" adlı sərgi açılıb.
Mərasimdə sərginin kuratoru Suad Qarayeva-Maleki ekspozisiyada Azərbaycanın görkəmli rəssamlarının ötən əsrin 60 və 80-ci illərinə aid 65 əsərinin yer aldığını diqqətə çatdırıb. Bildirib ki, sərginin adı o dövrün insanlarının həyatının mahiyyətini əks etdirir. Onlar işləyiblər, istirahət ediblər, xəyala dalıblar: "Sərgidə əsərləri nümayiş edilən rəssamlar sosialist realizminin doqmatik göstərişlərindən kənara çıxmaqla, öz fərdi üslublarını işləyib hazırlayıblar. Bu üslub açıq tonların tətbiqi baxımından unikal olmaqla yanaşı, obyektlərin əks etdirilməsi, yaxmaların qətiyyəti, folklor elementlərinin istifadəsi ilə fərqlənir".
Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov qeyd edib ki, 1960-1980-ci illər Azərbaycan rəngkarlıq sənətinin çiçəklənmə dövrü sayılır.
Sonra qonaqlar sərgi ilə tanış olublar.
Sərgidə Azərbaycanın görkəmli fırça ustaları - Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Tağı Tağıyev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Cavad Mircavadov, Əşrəf Murad, Mahmud Tağıyev, Nadir Əbdürrəhmanov, Xalidə Səfərova, Rasim Babayev, Nadir Qasımov, Toğrul Nərimanbəyov, Gennadi Brijatyuk, Kamal Əhməd, Ucal Haqverdiyev, İqor Juk, Eldar Qurban, Tahir Salahov, Fərhad Xəlilov, Altay Sadıqzadə və Qəyyur Yunusun əsərləri nümayiş olunur.
Sərgi 2019-cu il yanvarın 6-dək davam edəcək.