Xalça Muzeyində "Sırt-Çiçi" və "Xilə-buta" xalçaları təqdim edilib
Mayın 25-də Xalça Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş "Vətənə qaytarılan incilər" adlı tədbir keçirilib.
Tədbirdə muzey iki yeni xalçanı - Quba qrupuna aid "Sırt-Çiçi" və Bakı qrupuna aid "Xilə-buta" xalçalarını təqdim edib. Hər iki xalça İtaliyada əldə olunub. Tədbirdə tanınmış italiyalı xalçaçı-ekspert Andrea Stefano İonesku da iştirak edib.
Mərasimdə çıxış edən muzeyin direktoru Şirin Məlikova bildirib ki, Quba xalçalarının ən parlaq bədii quruluşa malik nümunələrindən biri XIX əsrə aid "Sırt-Çiçi" xalçasıdır. Bu kompozisiyalı xalçalar qədim zamanlardan bu günə kimi Quba rayonunun Sırt-Çiçi kəndində toxunur. Üfüqi sıralarda düzülmüş "Muğan" adlandırılan qarmaqlı kiçik göllərdən ibarət kompozisiya bu xalçalar üçün xarakterikdir. Xalçanın alınmasında Azərbaycan Xalça Muzeyi və italiyalı kolleksiyaçı Andrea Stefano İoneskunun rolu olub.
Bakı xalça qrupuna aid olan "Xilə-buta" xalçasının bədii quruluşu "Ləçək-turunc" kompozisiyası əsasında qurulub. Kompozisiya üfüqi istiqamətdə nizamla düzülmüş eyni quruluşlu butalardan təşkil olunub. Xalçanın mərkəzində Bakı xalçaları üçün xarakterik olan saçaqlı göl, ara sahənin dörd küncündə ləçəklər təsvir edilib. Məhz buna görə də bu xalçaları künclü "Xilə-buta" adlandırırlar.
Xalça Muzeyində son vaxtlar reallaşan tədbirlərin əhəmiyyətindən danışan mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev bu təqdimatın "Azərbaycan Xalq Cümhuriyyəti ili" çərçivəsində təşkil olunmasını yüksək dəyərləndirib. Cümhuriyyətin tarixindən danışan Vaqif Əliyev bildirib ki, müsəlman Şərqində demokratik, hüquqi dövlətin ilk dəfə Azərbaycanda qurulması xalqımız üçün qürurvericidir. Vaxtilə ulu öndər Heydər Əliyev deyirdi ki, müasir müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir.
İtaliyalı ekspert Andrea Stefano İonesku xalça sənəti və xalçaçılığın əhəmiyyətindən danışıb. Bu sənətin əsrlər boyu yaşadığını deyən mütəxəssis Azərbaycanın bu sahəyə verdiyi töhfələrdən bəhs edib.
"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Orxan Rzayev tədbirin önəmindən danışıb, Azərbaycan xalçaları haqqında qonaqlara məlumat verib.
Sonra qonaqlar muzeyin ekspozisiyasında yer alan xalçalara baxıblar.