Azərbaycan və Türkiyə kinematoqrafçılarının Xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı əsasında ekranlaşdırdığı eyniadlı filmin çəkilişləri başa çatıb. Azərbaycanın “Salnamə” studiyası və Türkiyənin “24 Kare Film” şirkəti tərəfindən lentə alınan tammetrajlı film ayrı-ayrı dünyalara aid iki gəncin sevgi hekayəsindən bəhs edir. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşişin qızıdır. Hadisələrin mərkəzində Mahmud ilə Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli keşişdir.
    Mehmet Ada Öztekinin rejissorluğu ilə lentə alınan filmdə Mahmud rolunu Aras Bulut, Məryəm obrazını Eva Dedova canlandırıb.
   İlk çəkilişləri bu ilin yayında Şəki şəhərində aparılan ekran əsərində Xalq artisti Fəxrəddin Manafov, Məlahət Abbasova, Mehmet Çevik, Tomris İncer, Kristina Krapella və digər tanınmış aktyorlar rol alıblar. 120 dəqiqəlik filmin bəstəkarı Əməkdar incəsənət xadimi Aygün Səmədzadədir.