Cümhuriyyətin 100 illik yubileyi münasibətilə təntənəli konsert keçirilib
Mayın 28-də Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilən təntənəli konsert keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri konsertdə olublar.
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan bədii-musiqili gecənin konsepsiyası 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, ötən 100 il ərzində respublikamızın müxtəlif sahələrdə əldə etdiyi nailiyyətlər, Azərbaycanın hazırda müstəqil, güclü və inkişaf etmiş ölkələr sırasında layiqli yerini tutması ideyası üzərində qurulub.
Hər bir azərbaycanlı üçün əziz olan bu bayram günündə Bakı Kristal Zalında sənət adamlarının çıxışları dövlətimizin gücünü, vətəndaşların dövlətə bağlılığını, xalq sevgisini və qürur hissini bir daha əyani təzahür etdirib.
Xalq artisti Alim Qasımov və Əməkdar artist Fərqanə Qasımovanın ifasında "Qarabağ şikəstəsi", "Natiq" ritm qrupunun "Sarı gəlin" kompozisiyası, dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasından uvertüra, habelə Qara Qarayevin "Yeddi gözəl", Fikrət Əmirovun "1001 gecə", Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletlərindən rəqslər, xalq artistləri Azərin, Zülfiyyə Xanbabayeva və Samir Cəfərovun ifalarında "Ey Vətən", "Şuşanın dağları" və "Neftçilər" mahnıları böyük maraqla dinlənilib.
Xalq artistləri Aygün Kazımova, Azər Zeynalov, Emin, Elçin Əzizov, əməkdar artistlər Emil Əfrasiyab, Səbinə Babayeva, Tünzalə Ağayeva, Miri Yusif və Röyanın, "Rast" qrupunun, Azərbaycan Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin çıxışları bayram təntənəsi yaşadıb.
Proqramdakı musiqi nömrələri, rəqslər Azərbaycanın zəngin tarixinə bir daha hərtərəfli nəzər salmağa imkan yaradıb.
Təqdirəlayiq haldır ki, 100 il bundan əvvəl - 1918-ci il mayın 28-də Azərbaycan özünün azad yaşamaq, müstəqil dövlət qurmaq hüququnu bütün dünyaya bəyan etdiyi kimi, hazırda da şərəfli tarixini, parlaq nailiyyətlərini və qüdrətini dünyaya nümayiş etdirir.
Müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bugünkü Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzuladığı qüdrətli dövlətdir. Ulu öndər Heydər Əliyevin dediyi kimi, müstəqilliyimiz əbədi, dönməz və daimidir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin Xalq şairi Səməd Vurğunun "Azərbaycan" şeirini səsləndirdiyi videoçarx da nümayiş olunub.
Eyni zamanda tədbirdə Bakı Media Mərkəzi tərəfindən Cümhuriyyətin 100 illiyi ilə əlaqədar hazırlanmış videoçarxlar da nümayiş etdirilib.
Sonda birlik və həmrəylik, müstəqilliyimizin əbədiliyinə qəti inam rəmzi olaraq incəsənət ustaları hamılıqla səhnəyə çıxaraq Azərbaycanın dövlət himnini oxuyublar.
İki saata yaxın davam edən konsert proqramında ümumilikdə 600-dən çox ifaçı iştirak edib. Konsert Dənizkənarı Milli Parkda quraşdırılmış monitorda birbaşa yayımlanıb. Tədbirin sonunda Dənizkənarı Milli Parkda bayram atəşfəşanlığı olub.