“Son iclas" bədii-sənədli filminin məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaqdır.
Bu sözləri Bakı Media Mərkəzinin baş icraçı direktoru Orman Əliyev Heydər Əliyev Mərkəzində keçirilmiş mətbuat konfransında söyləyib.
"Bu il Azərbaycan kinosunun 120-ci ili tamam olur. Bakı Media Mərkəzi beş ildir ki, fəaliyyət göstərir. Bu günədək beş ekran əsəri bizim mərkəz tərəfindən hazırlanıb. Bu film layihəsi üzərində altı aya yaxın iş aparılıb, 25 məkanda çəkilişlər olub. Filmdə 50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət işləyib. Bakı Media Mərkəzi olaraq Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsini təsvir edən ekran işi ərsəyə gətirdiyimiz üçün qürur duyuruq", - deyə o vurğulayıb.
Mətbuat konfransında çıxış edən BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, cəmi 23 ay yaşamış Cümhuriyyət Azərbaycan xalqının qürur yeridir: "Azərbaycanın ilk demokratik respublikası əsl milli dəyərdir və BP şirkəti olaraq biz xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq".
Ekran əsərinin ssenari müəllifi Müsəllim Həsənov ssenarinin yazılma prosesi, tədqiqat aparılan arxivlər haqqında məlumat verib. Bildirib ki, ssenari materiallarında Azərbaycanla yanaşı, bir sıra ölkələrin arxivindən də istifadə edilib.