"Son iclas" bədii-sənədli filmi təqdim olunub
Mayın 25-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən "Son iclas" bədii-sənədli filminin təqdimatı olub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu Əliyeva iştirak ediblər.
Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və "BP Azərbaycan" şirkətinin sponsorluğu ilə hazırlanıb.
1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması tariximizə şanlı səhifə kimi həkk olunub. Bakı Media Mərkəzi Azərbaycanın bu şanlı tarixinə töhfə vermək üçün "Son iclas" bədii-sənədli filmini ərsəyə gətirib. Film Cümhuriyyətin son günlərinə, milli hökumətin süqutuna işıq salır və bu acı qərarın hansı çətin şəraitdə verildiyini əks etdirir.
Mərasimdə çıxış edən filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi iki ilə yaxın olsa da, bu dövr ölkəmizin tarixinin ən şərəfli səhifələrindən biridir: "Təqdim olunan film Azərbaycan Xalq Cümhuriyyətinin son günlərində baş verən hadisələrdən bəhs edir. Bu gün biz müstəqil, güclü, sürətlə inkişaf edən, dünya arenasında öz sözünü deyən Azərbaycanda yaşayırıq və öz tariximizlə fəxr edirik. Mən əminəm ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları bugünkü Azərbaycanla qürur duyardılar".
Arzu Əliyeva filmin yaradılmasında iştirak etmiş hər bir insana, Heydər Əliyev Fonduna və BP şirkətinə təşəkkürünü bildirib.
BP-nin Azərbaycan, Gürcüstan, Türkiyə üzrə regional prezidenti Qəri Counz vurğulayıb ki, şirkət Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri və fəaliyyətləri həmişə dəstəkləyib. Cümhuriyyətin 100 illiyinə həsr edilmiş belə bir filmin sponsoru olmaqdan şərəf hissi duyuruq: "BP 25 ildən çoxdur Azərbaycanda fəaliyyət göstərir. O vaxtdan etibarən Azərbaycanın və BP-nin tarixi paralel hesab edilir. Biz həmişə bu ölkədə layiqli korporativ vətəndaş olmağa çalışmışıq. Buna görə də bizim üçün Azərbaycanın tarixi irsini işıqlandırmağa töhfə vermək təbii bir haldır. Ümid edirik ki, bu işdə iştirakımız haqlı olaraq öz tarixləri ilə qürur duyan işçilərimizə, onların ailələrinə, həmvətənlərinə bir töhfə və təşəkkür rəmzidir".
Sonra "Son iclas" filminin təqdimatı olub. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə lentə alınıb. Filmin ssenarisi bu günə qədər araşdırılmamış arxiv sənədləri əsasında qələmə alınıb. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə - istər işğalçı rus bolşevik ordusu, istərsə də onun daxili havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və ümidsiz, lakin dönməz və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu vurğulanır. Həmçinin Cümhuriyyətin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına böyük örnək olduğu ön plana çəkilir.
Qeyd edək ki, "Son iclas" filmi mayın 26-dan 28-dək "CinemaPlus" kinoteatrlar şəbəkəsində ödənişsiz nümayiş etdirilib.