"Atəşgah məbədi" Dövlət tarix-memarlıq qoruğunda Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş "Cümhuriyyətdən müstəqilliyə gedən yol" adlı tədbir keçirilib.
Tədbirdə Mədəniyyət Nazirliyinin, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri, tarix-mədəniyyət qoruqlarının rəhbərləri, eləcə də xarici qonaqlar iştirak ediblər.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov, tarix elmləri doktoru, BDU-nun professoru Nuru Məmmədov, ADMİU-nun professoru, fəlsəfə üzrə elmlər doktoru Mübariz Süleymanlı, tarix elmləri doktoru, professor, BDU-nun Tarix fakültəsinin kafedra müdiri Qüdrət İsmayılzadə çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki rolundan söhbət açıblar. Çıxışlarda Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanıb, ölkəmizin müasir inkişaf yolundan bəhs edilib.
Tədbirdə yerli mütəxəssislərlə yanaşı qazaxıstanlı alim, tarix elmləri doktoru Ayman Dosumbayeva, eləcə də tarix elmləri doktoru Mixail Benderev çıxış ediblər.
Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı Rüfət Piriyev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının solisti Kamran Rzayev, Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdi Rəşid Bəylərlinin ifalarında musiqilər səslənib, VL studiyasının rəqqasları çıxış ediblər.
Tədbirin sonunda rəsmi və bədii hissənin iştirakçıları fəxri diplomlarla təltif olunub.