Uşaqlıq
   
   Əlbəttə, bu bölgü o qədər düz deyil. Uşaqlıq ömrünün sonunadək davam edəcəkdi, onu təqib edəcəkdi. Bu bölgüyə yazıla bilənsə ən parlaq rəngli xatirələr olmasıyla fərqlənir. Federiko Fellini 1920-ci il yanvarın 20-də xırda ticarətçi ailəsində doğulmuşdu. Uşaq vaxtı tez-tez xəstələnərdi. Teatr tamaşalarına xüsusi maraq göstərir, sirki isə dəlicəsinə sevirdi. Bu uşaqlıq sonradan onun bütün filmlərində olacaq. Sirk barədəsə ayrıca filmlər çəkəcək. Hələliksə maskalar və kuklalar düzəldir, tamaşalar qururdu. Monastır məktəbini bitirib Florensiyada bir dərgidə reportyor işləməyə başladı. Antifaşist yönlü jurnala məqalələr yazırdı. Xəstə olduğu üçün orduya aparılmır, sonra Cülyetta Mazina ilə evlənir.
   Cülyetta Fellininin yalnız həyat yoldaşı, aktrisası, sevdiyi qadını, dostu, köməkçisi deyildi. Cülyetta onun dünyasının adamı idi. Onun filmlərinin ilham mələyi də Mazina idi. O, Mazinada «Yol»un qəhrəmanını - Celsominanı gördü. Və bu obraz sonadək özünü xatırladacaqdı.
   
   “Gözləri sahibini itirmiş küçüyün gözlərinə oxşayan balaca qadın”
   
   Bu sözləri Federiko Cülyetta Mazina haqqında demişdi. Bu təyin sanki onun «Yol»dakı obrazı idi. Zamanla Fellini onunla Zampano kimi davranacaqdı. Amma Mazina onu elə küçük sədaqətilə tək buraxmır. Fellini «8 yarım»da özünü çəkmişdi, amma oradakı rejissor həm də «Yol»u çəkən rejissor idi.
   Fellininin filmlərinin sehri çox sadə idi - o insani görürdü. O, hər kəsdə insanı görürdü, itkin və tənha insanı. O, uşaq «Kabiriya gecələri»ndə Kabiriya idi, «Yol»dakı Celsomina idi, «Amarkord»dakı kişilər və uşaqlar idi. Fellini isə özü ilə dünya arasına eynək qoymuş adam idi.
   Fellininin filmlərindəki fanilik qorxusu fiziki yoxluqla tamamlanmırdı, o əliboş və məyusca getməkdən qorxurdu. Filmlərinin az qala bütün qəhrəmanları («Şirin həyat», «Amarkord», «Roma açıq şəhər», «Yol», «Kabiriya gecələri») dinin, dövlətin insan həyatının bütün sahələrinə nəzarət etdiyi bir cəmiyyətdə təklənmiş adamlar idi, ona görə təklənmiş ki, onlar içlərində heç kimə lazım olmayan sevgi gəzdirirdilər. Onun filmlərinin bir çox yaşlı və gənc qəhrəmanları böyüməmiş uşaqlar idi - doğmalaşa bilmədiyi dünyada anasız qalan uşaqlar. Qadına düşkün kişilər belə hər qadında ana axtarırdılar. Dünyanı onlara bir köynək yaxın edəcək ana-qadın.
   Bu həyata hər şey daxil idi - yollar, velosipedlər, gözəl qadınlar, şərab, incəsənət, hər şey... Amma bunlar bir dekor kimi aradan çıxırdı. O itkin qəhrəmanlar zamanla yerini tapmadıqca özlərini yerdəki çınqıl bilirdilər. Onda elə «Yol»dakı kimi uğur qazanmış sirk aktyoru onlara deyirdi, axı bu çınqıl da nə üçünsə lazımdır. Bu təsəllidə bir istehza vardı. Fellini bilirdi ki, bu sözləri yalnız sirk aktyoru deyə bilər. Ən təsirlisi isə o idi ki, bütün bunlar - tənhalıq, tərk olunmalar və yoxsulluq onun qəhrəmanlarının ümidindən və həyatsevərliyindən bir tikə də qopara bilmirdi. Onlardan tamaşaçıya pessimizm yox, sevgi yoluxurdu.
   Dünya kinosunun inciləri olan bu filmlər mükafatlarla daha da məşhurlaşdı - «Şirin həyat»a görə Kannın «Qızıl palma budağı», «Yol», «8 yarım», “Amarkord»la və kino sənətinə verdiyi töhfələrə görə “Oskar” mükafatları...  

   1 noyabr
   
   1993-cü ilin bu günü Cülyetta ilə Fellini “qızıl toy” günü qeyd edəcəkdilər. Hər ikisi xəstə idi. Evliliklərinin 50 ilini qeyd etmək üçün oktyabrın 31-i Federiko Fellini Cülyettanı bir zamanlar görüşdükləri restorana aparmaq və yubileyi orada qeyd etmək istəyirdi. Restoranda Mazina təsirlənib ağladı. Federiko ona «Yol»un qəhrəmanının adı ilə müraciət etdi, «Ağlama, Celsomina»,- dedi. Bu, onun son sözləri idi. Cülyetta ona qovuşmaq üçün cəmi altı ay yaşadı...
   
   Aliyə