Azərbaycan İstiqlal Muzeyindən reportaj
100 yaşını qeyd etdiyimiz Cümhuriyyətin bizlərə qiymətli ərməğanlarından biri də Azərbaycan İstiqlal Muzeyidir. 1919-cu il dekabrın 7-də Cümhuriyyət Parlamentinin açılmasının birinci ildönümü münasibətilə elə parlamentin binasında təşkil olunan muzey bir neçə ay fəaliyyət göstərə bildi. İstiqlal Muzeyi öz fəaliyyətini 71 il sonra bərpa etdi. 1991-ci il yanvarın 9-da hər eksponatı milli tariximizə şahidlik edən muzey qapılarını yenidən açdı.
Bu günlərdə yolumuzu muzeydən salıb istiqlalımızın saxlanc yeri ilə, buradakı eksponatlarla tanış olduq. Xatırladaq ki, mayın 24-də İstiqlal Muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin və Qafqaz-İslam Ordusunun 100 illiyi ilə əlaqədar fotosərgi və "Cümhuriyyət" zalının da açılışı keçirilib.
Yeni zalda Cümhuriyyətin fəaliyyətini özündə əks etdirən 70-dək foto, sənədli material və üçrəngli bayrağımızın ideya müəllifi, Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin muzeyə hədiyyə edilən şəxsi əşyaları nümayiş olunur.
Cümhuriyyət qurucularının fotoları, tarixi sənədlər - hər eksponat bizə tarix pıçıldayır. Muzeyin şöbə müdiri Sədi Mirseyibli zalda nümayiş olunan eksponatlarla bizi tanış edir. Bildirir ki, "Cümhuriyyət" zalında şəxsi arxivlərdə saxlanılan fotoşəkillərdən istifadə edilib. Tədqiqatçı Ədalət Tahirzadə tərəfindən muzeyə təqdim edilən iki fotoşəkli alim Türkiyədə əldə edib. Bu ekspozisiyada "İstiqlal Bəyannaməsi"nin surəti, ordu quruculuğu və s. mövzuları əhatə edən sənədlər toplanıb.
Zalda iki kitab da diqqətimizi cəlb edir. Öyrənirik ki, Qafqaz İslam Ordusu ölkəmizi tərk etdikdən sonra bu ordunun Bakıda qalan əsgəri Əhməd Əlioğluna aiddir. Ə.Əlioğlu sovetlər qurulduqdan sonra həbs edilərək Nargin adasında göndərilir. Kitablar 2013-cü ildə onun nəvəsi tərəfindən muzeyə hədiyyə olunub.
Fikrin oxunur dalğalanan bayrağımızdan!
İndi isə Əli bəy Hüseynzadənin əşyaları olan otağa keçirik. Burada nümayiş olunan eksponatlar 2017-ci ilin iyununda ədibin qızı Feyzavər Alpsar tərəfindən hədiyyə edilib. Bu nümunələr arasında İstanbuldan gətirilən 161 əsərdən seçilmiş Ə.Hüseynzadənin, övladları Səlim Turan və Feyzavər Alpsarın yaratdığı bir sıra sənət əsərləri, Əli bəyin həyatının müxtəlif anlarını əks etdirən fotoşəkilləri, şəxsi əşyaları daxildir. Ümumiyyətlə, burada 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişan, eləcə də ipək üzərində çap olunmuş "Həyat" qəzeti yer alıb. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olunub. Ə.Hüseynzadənin Peterburq Universitetində təhsilini əks etdirən sənədlər, məktubları, 1926-cı ildə I Türkoloji Qurultaya gəldiyi zaman ailə üzvləri ilə son görüşünü əks etdirən fotoşəkil daha çox maraq doğurur. Bu gəlişində Əli bəy ailə üzvlərinə çox üzücü bir xəbər verir: "Mən bir də sizinlə görüşməyəcəyəm və heç bir məktub da yazmayacağam. Çünki bu sizin həyatınız üçün təhlükəli ola bilər". Əli bəy doğmalarına məktub yazmasa da, ailə üzvləri sürgün olunur və bir də düz 90 ildən sonra iki qardaşın nəvələri görüşə bilirlər.
Ə.Hüseynzadənin arxivinin alınması ilə bağlı məlumatları bölüşən şöbə müdiri vurğulayır ki, Feyzavər xanım çox yaşlı olduğundan xatirələrindən ayrılmaq, bütün bu sənədləri təhvil vermək onun üçün çətin idi. Lakin sonda arxivin Azərbaycana verilməsi üzərində dayandı.
Öyrənirik ki, Əli bəyin əlyazmaları isə Türkiyədə İzmir Universitetində saxlanılır. Təhsil ocağında bu əlyazmalardan ibarət guşə yaradılıb. Hazırda İstiqlal Muzeyində nümayiş olunan Ə.Hüseynzadəyə aid eksponatları Feyzavər xanım uzun illər evində qoruyub saxlayıb. Buna görə də eksponatlar alınarkən bu əşyaların fotoreproduksiyaları yerinə qoyulub.
“Millətin taleyi necə olsun"?!
Muzeyin maraqlı eksponatları arasında 1905-ci ildə milli mesenat Hacı Zeynalabdin Tağıyevin evində lentə alınmış foto da var. "Millətin taleyi necə olsun" adlandırılan fotoda dövrün görkəmli ictimai-siyasi xadimləri Ə.Topşubaşov, Ə.Hüseynzadə və digər cümhuriyyətçilər yer alıb.
Cümhuriyyət dövründə işıq üzü görən mətbu nümunələri, 1919-cu il 7 dekabr tarixli "Azərbaycan" qəzetini nəzərdən keçiririk. Qəzetdə Nəsib bəy Yusifbəylinin parlamentin birillik fəaliyyətinə dair hesabat məruzəsi öz əksini tapıb. Cümhuriyyət hökuməti tərəfindən xaricdə təhsil almağa göndərilən tələbələrin İstanbulda yolüstü Ə.Hüseynzadə ilə görüşlərini əks etdirən foto da nadir eksponatlardandır. M.Ə.Rəsulzadənin "Azərbaycan" qəzetinin redaksiyasında kollektivlə çəkilən fotosunun orijinalı, Bakı Dövlət Universitetinin yaradılması haqqında qanun və Ə.Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına gedən nümayəndə heyətinin diplomatik pasportlarının surəti, Cümhuriyyətin süqutu xəbərinin alınmasını əks etdirən fotoşəkillər və s. tamaşaçıya qürur və təəssüfü bir arada yaşadır.
Keçirik Qafqaz İslam Ordusunun və Cümhuriyyətin 100 illiyi ilə bağlı sərgi bölümünə. Azərbaycanda ordu quruculuğu sahəsində Nuru paşanın apardığı islahatlar, Ə.Şıxlinski, S.Mehmandarovun fəaliyyətini əks etdirən eksponatlar burada geniş əks olunub.
Qarşımızda daha bir maraqlı nümunə var - Hacı Mirzə Səlim Axundzadənin "Azərbaycan torpağına türbət demişəm" adlı xatirat kitabı. Kitabda Cümhuriyyətin qurulması ilə bağlı xatirələr, həmin günlər baş verən hadisələr yer alıb.
***
Bizə bələdçilik edən Sədi müəllimə təşəkkür edib muzeydən ayrılırıq. Lakin Cümhuriyyət dövrünün yadigarı olan tarixi eksponatlardan aldığımız təəssürat çətin ki unudula. Oxucularımızın da bu tarixi xəzinəni görməsi diləyilə
Lalə Azəri