Mayın 27-də Azərbaycan Mətbuat Şurasında İndoneziyadan olan bir qrup jurnalistlə görüş keçirilib.
Şuranın sədri, Milli Məclisin deputatı Əflatun Amaşov qonaqları salamlayaraq iki ölkə arasında müxtəlif sahələrdə dinamik əlaqələrdən bəhs edib. Bildirib ki, dünyanın ən böyük müsəlman dövləti olan İndoneziya beynəlxalq təşkilatlarda Azərbaycanla həmrəylik nümayiş etdirir, Dağlıq Qarabağ məsələsində ölkəmizin haqlı mövqeyini dəstəkləyir: "Bununla belə, iki ölkə xalqlarının daha sıx təmaslarına ehtiyac var. Bunun üçün isə media müstəvisində əməkdaşlıq xüsusilə vacibdir. İnanıram ki, bu səfərdən müfəssəl informasiya toplayıb çalışdığınız kütləvi informasiya vasitələrində yayacaqsınız".
Ə.Amaşov qonaqlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə də məlumat verib. Qonaqların Azərbaycanda söz azadlığı, KİV-lərin qeydiyyatı məsələləri, peşə etikasının gözlənilməsi sahəsində durumla bağlı sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.