Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yubiley mərasimi təşkil edib.
Ankarada TÜRKSOY-un mənzil-qərargahında keçirilən mərasim iki qardaş ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Mərasimdə TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, Azərbaycanın bu ölkədəki səfiri Xəzər İbrahim və Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçı və başqaları çıxış ediblər.
Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının türk dünyasının həyatında ən böyük siyasi hadisələrdən olduğunu diqqətə çatdıran natiqlər XX əsrin sonunda müstəqilliyimizin bərpa olunmasını tarixi hadisə kimi dəyərləndiriblər. Azərbaycanın müasir inkişafı, türkdilli dövlətlərlə, eləcə də Türkiyə ilə münasibətlərin möhkəmləndirilməsi yüksək qiymətləndirilib. Vurğulanıb ki, türk dünyasında ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti bir sıra demokratik xüsusiyyətləri ilə Avropa ölkələrini də qabaqlayıb.