Mayın 30-da Cəlil Məmmədquluzadənin ev-muzeyinin təşkilatçılığı ilə Bakıdakı Sabir adına parkda böyük satirik şairə həsr olunmuş xatirə tədbiri keçirilib.
   Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar müəllim Oqtay Rza 1961-ci ildən başlayaraq hər il şairin doğum günündə keçirilən Sabir poeziya günlərinin əhəmiyyətindən, Sabirə ümumxalq məhəbbətindən danışıb.
   Cəlil Məmmədquluzadənin ev-muzeyinin böyük elmi işçisi Yeganə Məmmədova, elmi işçisi Fazilə Hümmətova, şairə-publisist Zərəngiz Qayalı, Əməkdar müəllim Məlahət Babakişiyeva və digərləri görkəmli şairin ədəbi irsinin, o cümlədən "Molla Nəsrəddin" jurnalında nəşr etdirdiyi mənzumələrin nəinki Azərbaycanda, Yaxın Şərqdə ədəbi-ictimai fikrin inkişafına qüvvətli təsir göstərdiyini söyləyiblər.
   Bakıdakı 20 və 150 nömrəli orta məktəblərin şagirdlərinin və "Aytam" Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin üzvlərinin ifasında Sabirin şeirləri səsləndirilib.