Qara Qarayevin 100 illiyinə həsr olunmuş Respublika müsabiqəsinin yekun konserti
Mayın 30-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş simli, nəfəsli və zərb alətləri üzrə gənc ifaçıların Respublika müsabiqəsinin yekun konserti keçirildi.
Konsertdən əvvəl çıxış edən Mədəniyyət Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev tədbir iştirakçılarına nazir Əbülfəs Qarayevin salamlarını çatdırdı. Bildirdi ki, bu il ölkəmizdə böyük bəstəkar, pedaqoq və ictimai xadim Qara Qarayevin 100 illik yubileyi müxtəlif tədbirlərlə qeyd edilir. Şöbə müdiri bəstəkarın yubileyinə həsr olunmuş müsabiqə haqqında məlumat verdi.
Qeyd olundu ki, müsabiqənin keçirilməsində məqsəd respublikada simli, nəfəsli və zərb alətləri üzrə musiqi təhsilinin inkişaf etdirilməsi, istedadlı uşaq və gənclərin aşkara çıxarılması, onların dəstəklənməsi və yaradıcılıq potensialının artırılmasıdır. Müsabiqənin I turu regional mədəniyyət idarələri üzrə yerlərdə, II turu Bakı şəhərində keçirilib. Üç yaş qrupunda (I qrup 9-11, II qrup 12-14, III qrup 15-17) simli (violin, viola, violonçel), nəfəsli (fleyta, klarnet, valtorna, truba) və zərb (ksilofon, vibrofon) alətləri üzrə keçirilən müsabiqədə respublikanın müxtəlif musiqi təhsili müəssisələrindən şagirdlər iştirak edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Nəzmiyyə Abbaszadənin sədrlik etdiyi, tanınmış mütəxəssislərdən ibarət münsiflər heyəti 120-yə yaxın gənc ifaçının çıxışını qiymətləndirib.
Münsiflər heyətinin qərarına əsasən, Bakı, Gəncə, Sumqayıt, Şəki, Şirvan şəhər, Bərdə, Quba, Qusar, Şamaxı rayon uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri müsabiqənin müxtəlif dərəcəli diplomlarına, hədiyyələrə və fəxri fərmanlara layiq görülüblər. Müsabiqədə müəllimlərin, konsertmeysterlərin də əməyi qiymətləndirilib və onlar fəxri fərmanlarla təltif olunublar.
Yaşar Əliyev qeyd etdi ki, müsabiqədə istedadlı şagirdlərin aşkar edilməsi, onların potensialının üzə çıxarılması musiqi sənətimizin gələcəyini təmin edən vacib amillərdəndir: "Sevindirici haldır ki, müsabiqə həm də istedadlı şagirdlərin üzə çıxmasında əməyi olan müəllim və konsertmeysterlərin də işində dönüş yaradır. Müsabiqənin yüksək səviyyədə keçirilməsində əməyi olan hər kəsə təşəkkür edirəm".
Münsiflər heyətinin rəhbəri Nəzmiyyə Abbaszadə çıxış edərək müsabiqənin reallaşmasında göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə və əlaqədar təşkilatlara minnətdarlığını bildirdi, uğur qazanan şagirdlərə xoş diləklərini çatdırdı. Qeyd etdi ki, müsabiqələr gənc musiqiçilərin yetişməsi üçün vacibdir. Bu müsabiqələrdə istedadlı uşaqlar aşkar edilir və onlar daim nəzarətdə saxlanılır. Hər bir müsabiqə musiqi ilə məşğul olan şagird üçün böyük əhəmiyyət kəsb edir.
Daha sonra Nəzmiyyə Abbaszadə, münsiflər heyətinin üzvlərindən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, Əməkdar artist Əziz Qarayusifli və Niyazi adına 22 saylı uşaq Musiqi məktəbinin direktoru, Əməkdar müəllim İlhamə Ağayeva müsabiqənin qaliblərinə fəxri fərman və pul mükafatları təqdim etdilər. Sonda şagirdlərin ifasında təqdim edilən Azərbaycan və Avropa bəstəkarlarının əsərlərindən ibarət geniş konsert proqramı alqışlarla qarşılandı.
Lalə Azəri