Mayın 31-də Bakı Xoreoqrafiya Akademiyası və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə BMA-nın böyük zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib.
Hər iki tədris ocağının prorektorları, professor-müəllim və tələbə heyətlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Bakı Xoreoqrafiya Akademiyasının Tələbə elmi cəmiyyətinin sədri Fatimə Alimova müsəlman Şərqində ilk respublika olan Xalq Cümhuriyyətinin tarixindən bəhs edib. Bildirib ki, Bakı Xoreoqrafiya Akademiyası da Şərq aləmində ilk professional xoreoqrafiya təhsili müəssisəsidir. F.Alimova Bakı Xoreoqrafiya Akademiyasının uğurlarından danışaraq, BMA ilə birgə həyata keçirilən layihələrdən söz açıb.
Sonra söz musiqiçilərə verilib. Konsertdə BMA-nın Konsertmeyster ustalığı kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərmin İbrahimovanın müşayiəti ilə Xalq artisti Gülnaz İsmayılova, Xalq artisti, professor Zəhra Quliyeva, gənc ifaçıların respublika müsabiqəsinin diplomantı İsmayıl Əsədov çıxış ediblər. Proqramda S.Raxmaninov, N.Rimski-Korsakov, Q.Qarayev və S.İbrahimovanın romansları, eləcə də C.Puççininin "Laurettanın ariyası", Q.Qarayevin skripka və fortepiano üçün "Sonata"sı, P.Venyavskinin skripka və fortepiano üçün "Konsert"i və digər klassik irs nümunələri səsləndirilib.