Noyabrın 9-da Türkiyənin Malatya şəhərində növbəti beynəlxalq film festivalına start verildi. Açılış mərasimində türk kinosunun sevilən simaları Türkan Şoray, Kadir İnanır, Münir Özkul ve Türker İnanoğlu festivalın fəxri mükafatına layiq görüldülər. Münir Özkulun mükafatını səhnəyə dəvət olunan “Hababam sinfi” filminin aktyor heyəti aldı.
   2010-cu ildən keçirilən festivalın builki proqramına 140-dək bədii, sənədli və qısametrajlı film daxildir. Ekran əsərləri “Ustada hörmət”, “Mükafatlandırılan filmlər”, “Yaxın Şərq filmləri”, “Çin kinosu”, “Qısametrajlı türk filmləri”, “Uşaq filmləri” və s. bölümlərdə nümayiş olunur. Festival çərçivəsində gənc kinematoqrafçılar üçün kurslar, seminarlar da keçirilir.
   Festivalda “ən yaxşı film” nominasiyası 30 min lirə, “ən yaxşı rejissor” 10 min, “ən yaxşı ssenari”, “ən yaxşı aktyor”, “ən yaxşı aktrisa” və “ən yaxşı film musiqisi” 6 min lirə pul mükafatı və “Kristal Kayısı Ödülü” (“Büllur Ərik Mükafatı”) ilə təltif olunacaqlar. Qısametrajlı film yarışmasının qalibi 5 min lirə qazanacaq. Həmçinin bir filmə münsif heyətinin xüsusi mükafatı təqdim ediləcək.
   Münsif heyətinə ssenarist və rejissor Biket İlhan rəhbərlik edir. Festival noyabrın 15-də yekunlaşacaq.
   
   Reyhan