UNESCO-nun müvafiq sertifikatı AMEA-ya təqdim edilib
Mayın 30-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin "Divan"ının əlyazma nüsxəsinin UNESCO-nun "Dünya Yaddaşı" Beynəlxalq reyestrinə daxil edilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə dahi şairin "Divan"ının əlyazma nüsxəsinin "Dünya Yaddaşı" reyestrinə daxil edilməsini Azərbaycan üçün əlamətdar hadisə kimi dəyərləndirib. O, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi qayğısı sayəsində ölkəmizin zəngin mədəni irsinin dünyada tanıdılması və təbliği istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.
Dahi şairin dünya mədəniyyəti xəzinəsinə verdiyi böyük töhfələrdən danışan AMEA-nın rəhbəri bildirib ki, Füzulinin türkcə (azərbaycanca) "Divan"ının ən mötəbər nüsxəsi şairin ölümündən 16 il sonra 1572-ci ildə üzü köçürülən Bakı əlyazmasıdır. Əlyazma 1936-cı ildə görkəmli ədəbiyyatşünas alim Salman Mümtaz tərəfindən keçmiş SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının kitabxanasına bağışlanıb.
A.Əlizadə digər Azərbaycan mütəfəkkirlərinin əsərlərinin də "Dünya Yaddaşı" reyestrinə daxil edilməsi istiqamətində iş aparılmasının vacibliyini vurğulayıb.
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, UNESCO-nun "Dünya Yaddaşı" reyestrində dahi şairin əlyazmasının yer alması Füzuli sənətinin ümumdünya mədəni, ədəbi sərvəti olduğunu təsdiq edir: "Dünya ədəbiyyatının böyük korifeylərindən olan Füzulinin irsi ümumtürk ədəbi-mədəni sərvətidir. Ancaq onun Vətəni Azərbaycandır. Ölkəmizdə XX əsrin əvvəllərindən başlayaraq dahi şairin yaradıcılığı haqqında qiymətli monoqrafik tədqiqatlar meydana gəlib, dissertasiyalar yazılıb, şairin əsərləri dəfələrlə ölkəmizdə böyük tirajlarla çap olunub. Böyük mütəfəkkirin əsərləri Azərbaycanda dünya dillərinə tərcümə olunaraq yayılıb".
UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov ümummilli lider Heydər Əliyevin dünya mədəniyyətini və ədəbiyyatını zənginləşdirən Füzuli yaradıcılığına hər zaman yüksək qiymət verdiyini söyləyib. Bildirib ki, 1996-cı ildə şairin 500 illik yubileyi UNESCO-nun yubileylər proqramı çərçivəsində təntənəli şəkildə qeyd edilib. Nəzərə çatdırılıb ki, Azərbaycanın zəngin mədəni irsinin dünyada tanıdılmasında, irs nümunələrimizin UNESCO-nun müvafiq siyahılarına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri var. Bu gün Azərbaycan UNESCO ilə təşkilatın bütün prioritet istiqamətləri üzrə sıx əməkdaşlıq edir. Ölkəmiz UNESCO-nun "Dünya Yaddaşı" proqramında da uğurla iştirak etməkdədir. Füzulinin "Dünya Yaddaşı" reyestrinə salınan "Divan"ının əlyazması 1572-ci ilə aiddir və orada onun ana dilimizdə yazılmış 400-dən çox şeiri toplanıb.
Sonra E.Sultanov UNESCO-nun sertifikatını akademik A.Əlizadəyə təqdim edib.
M.Füzulinin zəngin ədəbi-fəlsəfi irsi barədə məlumat verən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, şairin yaradıcılığı Azərbaycan poeziyası ilə yanaşı, Şərq ədəbiyyatı, eləcə də dünya ədəbiyyatı üçün əhəmiyyətlidir.
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov dünyanın nüfuzlu təşkilatı olan UNESCO-da Azərbaycan klassik sərvətinin bir nümunəsinin dünya irsinin şah əsərlərindən biri kimi qeydiyyata alınmasını çox böyük uğur adlandırıb.
Çıxış edənlər bu əlamətdar hadisənin ölkəmizin mədəniyyəti və elmi üçün böyük əhəmiyyət daşıdığını bildiriblər.