Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq sazişi imzalanıb
Azərbaycan Xalça Muzeyi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə əməkdaşlıq sazişi bağlayıb. Sənədi Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin baş direktoru Aleksandr Sedov və Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova imzalayıblar.
Muzeydən bildirilib ki, saziş çərçivəsində Azərbaycanın Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılan qədim mədəniyyət və incəsənət abidələrinin, eləcə də zərgərlik məmulatlarının, qədim xalçaların və digər maddi mədəniyyət nümunələrinin elmi tərəfdən araşdırılması həyata keçiriləcək. Həmin eksponatların Azərbaycanın maddi-mədəni irsinin nümunələri olaraq tanıdılması istiqamətində işlər görüləcək.
Xalça Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi ilə 2016-cı ildən başlayaraq danışıqlar aparıldığını deyib. Bildirib ki, sözügedən muzey dünyada tanınmış muzeylərdən biridir.
"Zəngin kolleksiyası ilə məşhur olan bu muzeydə tanınmış rəssamların, o cümlədən məşhur Azərbaycan rəssamlarının əsərləri, həmçinin Azərbaycana aid sənət əsərləri, incəsənət nümunələri, xalça və xalça məmulatları sərgilənir. Muzeydə xalqımızın maddi-mədəni irsinə məxsus olan çoxlu qiymətli eksponatlar saxlanılır. Həmin eksponatların atribusiyası, ikitərəfli sərgilərin təşkili, elmi araşdırmaların aparılması, zəngin və gözəl kolleksiyanın tədqiqi mədəniyyətimiz üçün çox böyük addım olacaq", - deyə o söyləyib.