Goranboyda Bayraq muzeyinin açılışı olub
Bu gün Azərbaycanın səmasında dalğalanan üçrəngli bayrağımız hər bir vətəndaşımızın qəlbində qürur və fərəh hissi doğurur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli, ay-ulduzlu bayrağımız müasir Azərbaycanın müstəqillik rəmzidir. Prezident İlham Əliyev dövlət atributlarımıza xüsusi ehtiramla yanaşır. Respublikamızın bölgələrində bayraq meydanlarının və muzeylərinin yaradılması bunun bariz nümunəsidir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 5-də Goranboya səfəri zamanı rayon mərkəzində Bayraq muzeyinin açılışında iştirak edib.
Goranboy şəhərindəki Bayraq muzeyi Bayraq meydanının ərazisində yerləşir. Meydanda hündürlüyü 72 metr olan dövlət bayrağının postament hissəsi abadlaşdırılıb, ərazidə yaşıllaşdırma işləri aparılıb. Bayraq muzeyində sərgi zalı ilə yanaşı, inzibati və yardımçı otaqlar yaradılıb.
Muzeyin sərgi zalında 3 bölmə var. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsr xanlıqlarının bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar nümayiş olunur. Bundan başqa, muzeyin eksponatları arasında Xalq Cümhuriyyəti dövrünə aid rəsmi sənədlər, Azərbaycan SSR dövründə və müstəqillik illərində qəbul olunmuş konstitusiyalar, habelə gerblər, bayraqlar, poçt markaları, orden və medallar sərgilənir.
Bu cür muzeylərin yaradılması Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən və hər bir vətəndaş üçün müqəddəs rəmzlərdən sayılan üçrəngli bayrağımıza olan hörmət və ehtiramın göstəricisidir. Bayraq muzeyləri dövlət atributlarına olan sevgini nümayiş etdirməklə yanaşı, gənc nəslin milli dəyərlərə hörmət, vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfədir.