İyunun 5-də Azərbaycan Hökuməti ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında anlaşma memorandumu imzalanıb.

Memorandum Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədovun Dünya Əqli Mülkiyyət Təşkilatının baş direktoru Frensis Qarri ilə görüşündə imzalanıb.

Görüşdə vurğulanıb ki, ölkəmiz Dünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Baş direktor Frensis Qarri ölkəmizin Dünya Əqli Mülkiyyət Təşkilatının reallaşdırdığı layihələrə göstərdiyi dəstəyi yüksək dəyərləndirib.

Frensis Qarri Bakıda “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda keçirilən konfransda iştirak edib.

Tədbirdə vurğulanıb ki, Dünya Əqli Mülkiyyət Təşkilatı ilə Azərbaycan arasında əlaqələr son zamanlar daha da genişlənib. Ölkəmiz qurumun komitələrində təmsil olunur. MDB məkanında ilk dəfə Azərbaycan nümayəndəsi Dünya Əqli Mülkiyyət Təşkilatının “Müəlliflik hüququna dair” Beynəlxalq Müqaviləsinin Assambleyasının sədr müavini seçilib.