“İş yalnız onda deyil ki, yaxşı film çəkəsən. Biz elə işləməliyik ki, sonra bütün ömrü boyu bir-birimizin gözünə hörmətlə və dik baxa bilək”
   
   Görkəmli kinorejissor, operator Rasim Ocaqov sənət devizinə çevirdiyi bu sözlərə ömrü boyu sadiq qaldı, şəxsiyyət və sənətkar kimi örnək timsallı bir həyat yaşadı.
   
   O, sənətə gəldiyi (1957) ilk gündən kino salnaməmizin dəyərli nümunələrini yaradıb. Mizan quruluşu, aktyorların fərqli rakursdan təsviri, mimika cizgilərinin, xarakterik cəhətlərinin ekranda mövzuya uyğun qabardılması kinooperatorun bilik və intuisiyasının məhsuludur. Onun operator kimi çəkdiyi kadrlar (13 filmin operatoru olub) məzmunlu kino dili kimi tamaşaçının həmsöhbətinə çevrilir, emosional, məntiqli təsvirlər rəğbətlə qarşılanır. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan və bu gün də çoxsaylı tamaşaçı auditoriyasının diqqətini çəkən filmlərin uğrunda Rasim Ocaqovun rolu böyükdür. O, “Bir məhəllədən iki nəfər” (rejissor Əjdər İbrahimov, 1957), “Uzaq sahillərdə” (Tofiq Tağızadə, 1958), “Onun böyük ürəyi” (Əjdər İbrahimov, 1958), “Bizim küçə” (Əlisəttar Atakişiyev, 1961), “Əmək və qızılgül” (Tofiq Tağızadə, 1963), “Sən niyə susursan?” (Həsən Seyidbəyli, 1966), “Ən vacib müsahibə” (Eldar Quliyev, 1971) və başqa filmlərdə maraqlı kadr kompozisiyası yaratmaqla ekran əsərlərinin mənasının açılmasına, mövzuların tamaşaçı qəlbinə yol tapmasına nail olub.
   “Bir məhəllədən iki nəfər” filmi Şərq ölkələrindən birində sülh və istiqlaliyyət uğrunda mübarizə aparan adamların taleyindən bəhs edir. Kəskin süjeti, gərgin hadisələri, sinfi mübarizəni əks etdirən kadrlar filmin ideya-məzmununu dəqiq açıb, xarakterlərin məqsədini cilalayıb. R.Ocaqovun bu filmdə rusiyalı kinooperator (filmin baş operatoru) Marqarita Pilixina ilə birgə çalışması onun gələcək yaradıcılığına uğur gətirdi. Pilixinanın peşə yönümünün çoxşaxəliliyi Ocaqovun sonrakı fəaliyyətini düzgün istiqamətləndirdi. O, zəngin təcrübəyə malik olan sənətkardan istər portret, istərsə də ümumi plan çəkilişlərində hadisələrin gərginliyini, personajların keçirdiyi hiss-həyəcanları məqamında və məzmunlu təsvir etməyi, mürəkkəb çəkiliş maneralarının sirlərini öyrəndi.
   İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən həmyerlimiz Mehdi Hüseynzadənin şücaətindən bəhs edən “Uzaq sahillərdə” filminin dinamik, müxtəlif planlı kadrları (baş operator Ə.Atakişiyev, II operator R.Ocaqov) əsərin müəlliflərinin (Həsən Seyidbəyli, İmran Qasımov) ideyalarını bədii məzmun və təsvir baxımından ətraflı təsdiqlədi. Ekran əsəri həm yerli və keçmiş SSRİ məkanında, həm də dünya tamaşaçıları tərəfindən böyük maraqla qarşılandı. Deməli, geniş oxucu rəğbəti qazanmış hər hansı bir əsərə yenidən uğurlu ekran taleyi yaşatmaqda operator işi mühüm önəm daşıyır. Rasim Ocaqov ədəbi əsərlərin ekran həyatını və rejissor fantaziyasını natamam təqdim etməmək üçün daim yaradıcılıq axtarışları aparır, filmin yaradıcı heyətinin fikrini ümumi kompozisiyada cəmləyirdi. Bu mənada onun operator kimi çəkdiyi filmlər milli kinomuzun nadir sənət incisi kimi “qızıl fond”a daxil olub.
   * * *
   Operatorluq fəaliyyəti ilə bərabər, rejissor kimi “Bakı bu gün” (1958), “Abidələr danışır” (1964) və başqa sənədli filmlər çəkən Rasim Ocaqov kinonun müxtəlif sahələrində çəkiliş texnikasının sirlərini mənimsəməklə, bədii kinoda rejissorluq edəcəyi mövzular haqqında düşünür, özünü bu çətin və məsuliyyətli peşəyə hazırlayırdı.
   Onun rejissorluq fəaliyyəti 1974-cü ildə çəkdiyi “Qatır Məmməd” filmi ilə başladı. Bu filmin ilkin variantını görkəmli və patriot kinorejissor Hüseyn Seyidzadə çəkmişdi. Lakin ssenaridə XX əsrin əvvəllərində baş verən inqilabi proseslər ətraflı şərh edilmədiyinə, Qatır Məmməd obrazı tam açılmadığına görə o, tarixi-inqilabi filmin ssenarisini rusların yazmasına etirazını bildirir və filmin çəkilişlərindən imtina edir. Bundan sonra kinostudiyanın rəhbərliyi filmin çəkilişlərini Rasim Ocaqova həvalə edir.
   İstedadlı kinorejissor rusiyalı ssenaristlərin (Mixail Maklyarski, Kirill Rapoport) ssenarisi əsasında filmi çəkməyə razı olsa da, növbəti yaradıcılığında Azərbaycan bədii kino salnaməsini fərdi istedadı, intellekti, dərin biliyi sayəsində zənginləşdirəcəyini bilirdi. Korifey kinorejissorlar onların filmlərinə uğur gətirən, ideyalarını qurduğu məzmunlu kadrlarla tamaşaçıya çatdıran R.Ocaqovun kinooperator kimi hələ çox filmlərə imza atmasını arzu etsələr də, o, rejissor fəaliyyətində fərqli yaradıcılıq nümayiş etdirməklə bu peşəni təsadüfi seçmədiyini bir daha təsdiqlədi.
   Rasim Ocaqovun rejissor kimi bədii kinoda imza atdığı ikinci filmində (“Tütək səsi”, 1975) müharibə mövzusuna toxundu. Emosional və kəskin süjetli filmdə Azərbaycanın II Dünya müharibəsindəki rolunu, arxa cəbhədə olan insanların ən ağır şəraitdə belə ön cəbhəyə göstərdikləri maddi və mənəvi köməyi psixoloji nüanslarla açıqladı. Müharibənin insan həyatını iflic edən dəhşətlərini sadəcə ağ-qara kadrlara yox, yaddaşımıza köçürdü. Sülh və əmin-amanlığın qiymətini, dəyərini göstərmək üçün talelərinə qəmli illəri yaşamaq nəsib olan insanların faciəsini ürəyimizə yazdı. Rasim Ocaqov xarakterlər rejissoru idi. O, filmdə çəkdiyi tanınmış aktyorlarla yanaşı, kinoda kəşf etdiyi gənc aktyorların da (Ötkəm İsgəndərov) potensialını qabardır, ən epizodik kadrda olan personajın xarakterini, psixoloji durumunu belə dəqiq bildirirdi.
   “Özüm inanmadığım bir şeyə heç kəsi inandıra bilmərəm”,- deyən kinorejissor növbəti yaradıcılığında müasirlərinin həyatından bəhs edən ədəbi əsərləri ekranlaşdırmağa üstünlük verdi. Onu ətraf mühitdə baş verən hadisələr, insanların sosial problemləri düşündürürdü. O, rejissor kimi cəmiyyətdə gedən proseslərə müdaxilə etməyə, real həyat faktlarının ekran variantını yaratmağa, müdrik müşahidəçi olaraq hadisələrin şərhini verməyə özünü borclu bilirdi. Bu mənada Rasim Ocaqovun seçdiyi ekran qəhrəmanlarının hər birinin ibrətamiz həyat mövqeyi cəmiyyətin istinad nöqtəsinə çevrilirdi.
   İstedadlı kinorejissorun çəkdiyi “İstintaq”, “Park”, “Ölsəm, bağışla...”, “Təhminə”, “Otel otağı” və başqa dramatik-poetik məzmunlu filmlərini mənasına, daxili dinamikasına, aktual mövzusuna və nəhayət, unudulmaz musiqilərinə görə belə ekran poetikası adlandıra bilmirik. Çünki poetiklik, lirika bu filmlərdə mövzunun sərbəst (tamaşaçının filmin təsirinə düşməsi) təhlili, daxili (sözsüz kadrlar) dinamikası kimi verilib. Filmin qəhrəmanlarının, sevən cütlüklərin romantikası, şəxsi problemləri sosial mövzuların aktuallığında, ciddiliyində ikinci plana keçir, əsas diqqət obrazların ictimai mövqeyinə, ekran əsərinin ideya-bədii xəttinin ciddiliyinə yönəlir. Nəticədə həyatı insan öfkəsinə qurban gedən nakam cütlüklərin, yüksək ideya daşıyıcılarının taleyini əks etdirən kino həyat güzgüsünə, zəngin təfəkkürünü, təhtəlşüurunu əminliklə həyat düsturuna çevirib, ekrana köçürən rejissor isə pedaqoqa çevrilir.
   Rasim Ocaqov bütün mövzulara sərbəst şəkildə ekran həyatı bəxş etməklə kino texnikasının və dramaturgiyanın bilicisi olduğunu sübut etdi. Ümumiyyətlə, ən yaxşı və çox baxılan filmlər sadə həyat hekayələrini əks etdirən filmlərdir. Rasim Ocaqov da kinoda insanların gündəlik həyat qayğılarının, məişət problemlərinin səbəblərini axtarır, fərdi xarakterlər açır, insan psixologiyasını tədqiq edirdi. Həyat hekayələrində özünü görən, hadisələri çözən tamaşaçı da onun yaradıcılığına ehtiyac duyurdu.
   1990-cı illərin ictimai-siyasi böhranı yaradıcı insanların fəaliyyətinə də müəyyən məhdudiyyətlər qoydu. Rasim Ocaqov kimi həmişə sənətdə deməyə sözü olan sənətkarlar üçünsə işsizlik mənəvi boşluq demək idi. “Həm ziyarət, həm ticarət” macəra filmi milli kinomuzun tənəzzül dövründə ərsəyə gəlsə də, maraqlı ekran əsəridir. Rejissor bu ekran əsərində “Ad günü” (1977) filmindəki baş qəhrəmanın 90-cı illərdəki həyat mövqeyini izləyir. Dəyişən quruluşda yaşayan Mustafanın dəyişməz intellekt və mənəvi əxlaq prinsipləri filmin əsas leytmotividir. Təmiz vicdanı, alicənab ideyaları, gözütox mövqeyi olan Mustafa müdrik rejissorun ekranda və həyatda görmək istədiyi, mübarizə meydanından alnıaçıq çıxan qəhrəmanıdır.
   Rasim Ocaqovun çəkdiyi filmlərin çoxu ümumittifaq kinofestivallarının mükafat və diplomlarına layiq görülüb. O, kinoda göstərdiyi xidmətlərə görə «Şöhrət» ordeni ilə təltif olunub. 1982-ci ildə Respublikanın Xalq artisti adına layiq görülən sənətkar 2000-ci ildə “Humay”, 2003-cü ildə isə “Qızıl çıraq” mükafatı laureatı olub. Görkəmli kinorejissor bütün yaradıcılığında cəmiyyət üçün vacib olan mövzulara toxunmaqla cəsarətini və insanlığı dəyərləndirən cəhətlərini göstərdi. Mənfilikləri pislədi, humanist ideyaları təbliğ etdi. Cəmiyyəti yüksək mənəvi dəyərləri (dostluq, etika, səmimi ünsiyyət) heç bir zaman məişət problemləri qarşısında alçaltmamağa, cılızlaşdırmamağa çağırdı. Milli kinomuza dəyərli töhfələr verən sənətkar 2006-cı ildə vəfat edib. Düşündürən, sevgi aşılayan filmləri isə onu hər dəfə hörmət və rəğbətlə xatırladır.
   
   Şəhla Bürcəliyeva,
   kinoşünas