“Bu layihələr xalqlarımızı, mədəniyyətlərimizi bir araya gətirir”
İyunun 2-də Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində “Avropa şəhərciyi-2018” festivalı təşkil edilib. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən, Aİ üzvü olan 20 ölkənin Bakıdakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçirilib.
Əvvəlcə Avropa ölkələrinin ölkəmizdəki səfirlərinin Cümhuriyyətin 100 illiyi münasibətilə doğma dilimizdə təbriklərinin əks olunduğu videoçarx nümayiş etdirilib, Azərbaycan və Avropa İttifaqının himnləri səsləndirilib.
Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev tədbiri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib: “Azərbaycan multikultural dəyərlərə malik, öz siyasətini mədəniyyətlərarası və dinlərarası dialoq üzərində quran bir ölkədir. Bu gün də ənənələr davam etdirilir və Azərbaycan dünya mədəniyyətlərinin qovuşduğu bir məkana çevrilib. Avropa İttifaqı ilə Azərbaycan arasında həyata keçirilən layihələr əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək”.
Nazir qeyd edib ki, bu il festivalda ilk dəfə olaraq Mədəniyyət Nazirliyi müxtəlif xalq sənəti növlərini və kitab sərgisini nümayiş etdirir.
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Aİ ilə Azərbaycan hazırda əlaqələrini genişləndirir. “Biz təhsil, gənclər, kənd təsərrüfatı, mədəniyyət sahəsində müxtəlif layihələr həyata keçiririk. Bu layihələr xalqlarımızı, mədəniyyətlərimizi bir araya gətirir. Bir-birimizin dilini, mədəniyyətini öyrənmək tərəfdaşlığımızın genişləndirilməsinin əsasını təşkil edir. Festivalın keçirilməsində məqsəd Aİ-yə üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Stendlərə baxın və Avropanı kəşf edin”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri qeyd edib.
Vurğulanıb ki, festival zəngin və geniş tədbirlər proqramı ilə fərqlənir. Proqrama Avropa ölkələrinə virtual turlar, milli və Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimya və fizika üzrə eksperimentləri ehtiva edən bilik şouları, o cümlədən üz rəsmləri, çələng hörülməsi üzrə ustad dərsləri və digər tədbirlər daxildir. Bu il “Avropa şəhərciyi”nə dəstək verən “Park Cinema” festivalın qonaqları üçün bir sıra maraqlı tədbirlər və hədiyyə biletləri hazırlayıb. İçərişəhərdə Ənənəvi İncəsənət Mərkəzi keramika, batika, zərgərlik və ağacda oyma işindən ibarət milli “Dastan” brendinin kolleksiyasını təqdim edib.
Respublika İncəsənət Gimnaziyasının şagirdləri festival çərçivəsində gipsdən və gildən müxtəlif fiqurlar hazırlayıblar. Bundan başqa, iştirakçılar üçün dulusçuluq işi üzrə ustad dərsləri təşkil olunub. Ənənəvi olaraq, “Avropa şəhərciyi”ndə uşaqlar və böyüklər üçün viktorina və müsabiqələr də keçirilib, qaliblərə xüsusi mükafatlar təqdim edilib. “Avropa şəhərciyi” axşam saatlarına qədər açıq olub və konsert proqramı ilə başa çatıb.
Qeyd edək ki, Bakıda “Avropa şəhərciyi” festivalı 2013-cü ildən etibarən keçirilir.