İşarət dilinə tərcümə edilmiş animasiya filmi və Cümhuriyyətin 100 illiyi ilə bağlı videoçarx nümayiş olunub
Nizami Kino Mərkəzi “Human Foundation”ın (“Həyat Fondu”) nəzdində fəaliyyət göstərən “Human Deaf Community” ilə birgə eşitmə və danışma məhdudiyyətli uşaqlara işarət dilinə tərcümə edilmiş “Madaqasqar” animasiya filmini və “Araxçın MMC” ilə “Deaf Community”nin təşkilatçılığı ilə eşitmə və danışma məhdudiyyətli gənclərə Cümhuriyyətin 100 illiyi ilə bağlı çəkilmiş videoçarxı təqdim edib.
Təqdimatda eşitmə və danışma məhdudiyyətli uşaqlar, gənclər, valideynlər, “Həyat Fondu”nun təsisçisi Hacı Nuran Hüseynov, qonaqlar iştirak ediblər.
“Deaf Community” komandasının surdo-tərcuməçi və təlimçisi Könül Quliyeva, videoçarxın ssenari müəllifi və videoqrafı isə Əli Xiləlidir.
K.Quliyeva çıxışında layihənin ərsəyə gəlməsində əsas məqsədi eşitmə və danışma məhdudiyyətli gənclərin öz vətəninə, torpağına bağlılığını, sevgisini bildirmək üçün heç bir məhdudiyyətin olmadığını nümayiş etdirməkdir.
“Deaf Community”nin rəhbəri Nuranə Abıyeva, “Araxçın MMC”nın direktoru Fatimə Süleymanova gələn qonaqlara təşəkkürlərini bildiriblər.
Qonaqların çıxışları surdo-tərcüməçi Şamil Sabirzadə tərəfindən canlı tərcümə edilib.
Xatırladaq ki, işarət dilinə tərcümə edilmiş filmlər Nizami Kino Mərkəzinin dəstəyi ilə təmənnasız nümayiş olunur.