Azərbaycanda İran kinematoqrafçılarının iştirakı ilə “Aydın” və “Çaqqal nəfəsi” adlı iki yeni televiziya serialı çəkilir. Yeni ekran layihələrində qonşu ölkənin tanınmış kinematoqrafçıları Babək Şirinsifət, Mehdi Pərizad və digərləri iştirak edir.
   İranlı kinematoqrafçılar Azərbaycan tamaşaçısına sentyabr ayında Nizami Kino Mərkəzində nümayiş olunan “Su başında durmuşuq, çinarla mən” sənədli filmindən tanışdır. “Azərbaycanfilm” kinostudiyası və “Obafilm” Prodüser Mərkəzinin birgə istehsalı olan film Qarabağ müharibəsi nəticəsində yurd-yuvasından məcburi köçkün düşmüş insanların taleyindən bəhs edir.
   Yeni serialları çəkən “Kaspi Global” şirkətinin rəhbəri Şamxal Həsənlinin sözlərinə görə, “Aydın” filmi Cəfər Cabbarlının eyniadlı pyesi əsasında hazırlanır. Filmin ssenarisi üzərində Nərgiz Bağırzadə çalışır. Hazırda filmin aktyor heyətinin seçimləri gedir.
   “Çaqqal nəfəsi” filminin ssenari müəllifi İlqar Fəhmidir. Bu ekran əsərində Əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov və digər aktyorlar rol alıb. İranlı bəstəkar Hamid Sabet seriala musiqi yazıb.
   Kriminal melodram janrında olan serialın ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki həbsxanaya düşmüş iki qadının taleyindən bəhs edir.
   
   Lalə