Mayın 29-da Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) böyük zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileləri münasibətilə BMA-nın məktəb-studiyası şagirdlərinin konserti keçirildi.

Əvvəlcə BMA-nın məktəb-studiyasının aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aytən İbrahimova çıxış edərək hər iki yubileyin tariximizdəki yerindən söz açdı.

Sonra səhnəyə çıxan məktəb-studiyanın şagirdləri maraqlı ifaları ilə dinləyicilərin zövqünü oxşadılar. Proqramda həm Azərbaycan, həm də xarici ölkə bəstəkarlarının əsərləri yer almışdı.

Konsertin yaşca ən kiçik iştirakçısı – respublika və beynəlxalq müsabiqələr laureatı Zərrin Şükürün fortepianoda R.Şumanın “Gənclik albomu”ndan “Kiçik romans” və A.Şmolun “Arzu” əsərini uğurlu ifa etməsi zalda alqışlarla müşayiət olundu.

II sinif şagirdi Ləman Qasımovanın saksafonda ifası da alqış qazandı.

Ardınca dinləyicilər respublika və beynəlxalq müsabiqələr laureatı Daniil Tyurinin fortepianoda, respublika müsabiqəsi laureatı Rəşad Abdullayevin fleytada  mükəmməl ifalarını rəğbətlə qarşıladılar.

Respublika müsabiqəsi laureatı Samuil Səlimov (klarnet), respublika və beynəlxalq müsabiqələr laureatı E.Hüseynov (violin) və Mark Zençenkonun (violonçel) ifaları, V.Adıgözəlovun “Bakı” mahnısının vokalçı L.Baxışovanın ifasında səslənməsi, skripkaçılar Nuradin Abdullayev və Xədicə Mehdiyeva V.Montinin “Çardaş” əsərini duet şəklində ifa etməsi də konsertin yaddaqalan nömrələri idi.

Konsertin sonunda sözləri Gülər Əlvanqızı və Qabil Ədalətə, musiqisi Aytən İbrahimovaya məxsus “Ulu bir sərkərdə, ulu bir öndər” kompozisiyası səsləndi.

Aytən MANAFOVA

musiqişünas