Bizim təşəbbüsümüzlə on il bundan əvvəl başlanan “Bakı Prosesi” dünyada yeganə genişmiqyaslı əməkdaşlıq formatıdır. Bu on il ərzində buna oxşar təşəbbüs heç kim tərəfindən irəli sürülməmişdir. “Bakı Prosesi” sırf Azərbaycan təşəbbüsüdür. Bu il biz “Bakı Prosesi”nin on illiyini qeyd edəcəyik. Bu təşəbbüs BMT və digər mötəbər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.
Prezident İlham Əliyev bu fikirləri müqəddəs Ramazan ayı münasibətilə keçirilən iftar mərasimində bildirib.
Prezident deyib ki, “Bakı Prosesi” artıq dünya gündəliyinin önəmli hissəsidir və bu illər ərzində biz Azərbaycanda dünya dini liderlərinin zirvə görüşü, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu, Bakı humanitar forumları, mədəniyyətlərarası dialoq forumları kimi çoxlu sayda böyük tədbirlər keçirmişik.
Dövlət başçısı vurğulayıb ki, bu gün Azərbaycan dünyada multikulturalizmin mərkəzi kimi artıq özünü təsdiqləyib: “Bu, həm dövlət siyasətidir, həm cəmiyyətdən gələn sifarişdir. Bu, böyük sərvətdir, xüsusilə indiki zəmanədə. Azərbaycanda dini, milli zəmində heç bir problem, heç bir anlaşılmazlıq yoxdur. Biz istəyirik ki, dünyada da olmasın. Ona görə biz həm ölkə daxilində bu məsələləri daim diqqət mərkəzində saxlayırıq və hesab edirəm ki, beynəlxalq təşəbbüslərlə bölgədə və dünyada dinlərarası münasibətlərin yüksək səviyyədə tənzimlənməsi işinə öz töhfəmizi veririk”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan dünyada İslam mədəniyyətinin təbliği işində çox fəal və uğurlu rol oynayır: “Biz dünyanın müxtəlif ölkələrində İslam mədəniyyətinin təqdimatı ilə bağlı bir çox tədbirlər keçiririk. Bu addımlar bir məqsədi güdür ki, dünyaya İslam mədəniyyətini, İslam dəyərlərini olduğu kimi təqdim edək, bəzi hallarda İslam dini ilə bağlı təhrif edilmiş və yanlış fikirlərə qarşı öz səsimizi ucaldaq və real həqiqətləri çatdıraq”.