Mirzə Fətəli Axundzadə həyatı boyu ətrafındakı zülmət, cəhalət, nadanlıq çərçivələrini sındırıb qaranlıq düşüncələri işığa çıxarmaq uğrunda mübarizə aparıb. Onun mübarizələrlə dolu həyatı və zəngin yaradıcılığı “Sübhün səfiri” filmində tamaşaçılara məhz bu cür təqdim olundu.
   
   Noyabrın 28-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş filmin təqdimat mərasimi keçirildi. Ekran əsərinin ssenari müəllifi Xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, rəssamı Rafiz İsmayılov, icraçı prodüseri Adil Qulamovdur.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkə başçısının sərəncamı ilə Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu bildirdi, “Sübhün səfiri” filminin təqdimatını il boyu keçirilən tədbirlərin son akkordu kimi qiymətləndirdi. Yubileylə bağlı gerçəkləşən tədbirlərdən danışan nazir müavini bu il dövlət sifarişi ilə dramaturqun 6 əsərinin 21 teatrda tamaşaya qoyulduğunu bildirdi. İyun ayında “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalının yüksək səviyyədə keçirildiyi, ədibin komediyalarının 7 ölkədə və müxtəlif dillərdə tamaşaçılara təqdim olunduğu, müxtəlif nəşrlərin işıq üzü gördüyü, ölkəmizin regionlarında yaddaqalan silsilə tədbirlərin təşkil edildiyi vurğulandı.
   Nazir müavini bu günlərdə Moskvada Axundzadənin abidəsinin ucaldıldığını, Azərbaycan Dövlət Rus Dram Teatrının təqdimatında “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasının Moldovada uğurla nümayiş edildiyini nəzərə çatdırdı. 2012-ci il TÜRKSOY təşkilatı tərəfindən “Axundzadə ili” elan edilib və bununla bağlı görülən işlərin yekunu kimi TÜRKSOY-un Ankaradakı ofisində tədbir keçiriləcək.
   Ədalət Vəliyev tarixi mövzularda çox böyük uğurlara imza atan Xalq yazıçısı Anarın qələmindən çıxan və Ramiz Həsənoğlunun rejissorluğu ilə lentə alınan filmdə Azərbaycan kinosunun bütün texniki imkanlarından istifadə olunduğunu bildirdi, filmin yaradıcı heyətini təbrik etdi.
   Mərasimdə çıxış edən Xalq yazıçısı Anar böyük ədibin irsindən söz açdı: “Axundzadə elə böyük bir şəxsiyyətdir ki, ona nə qədər əsər həsr etsək, şərəfinə abidələr ucaltsaq, əsərlərini nə qədər tamaşaya qoysaq, yenə azdır. Bu gün bu böyük insana borcumuzun bir hissəsini qaytarırıq”.
   “Sübhün səfiri” filminin quruluşçu rejissoru Ramiz Həsənoğlu və baş rolun ifaçısı, Xalq artisti Rasim Balayev çıxış edərək ürək sözlərini bölüşdülər.
   Xatırladaq ki, filmin çəkilişləri Bakıda, Axundzadənin doğulduğu Şəkidə, habelə Tbilisi və İstanbul şəhərlərində aparılıb. Filmdə təqribən 90 aktyor rol alıb.
   Ekran əsərində xalq artistləri Fəxrəddin Manafov Bakıxanov, Ramiz Əzizbəyli tacir, Əməkdar artist Məmmədsəfa Qasımov Həsən bəy Zərdabi, Türkiyədə yaşayan tanınmış aktrisa Məlahət Abbasova Axundzadənin həyat yoldaşı Tubu xanım rollarını canlandırıblar. Filmdə həmçinin xalq artistləri Aleksandr Şarovski, Məbud Məhərrəmov, Rafiq Əliyev və başqaları rol alıblar. Ekran əsəri tamaşaçılar tərəfindən maraqla qarşılandı.
   
   Təranə Vahid