Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında “Dolu” filminin təqdimatı keçirilib. Yazıçı-jurnalist, Milli Məclisin deputatı Aqil Abbasın eyniadlı romanının motivləri əsasında “Azərbaycanfilm” kinostudiyasında çəkilən filmin rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Nazim Mehdiyev, bəstəkarı Polad Bülbüloğludur.
   Sumqayıt Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov, yazıçı Aqil Abbas filmin məziyyətlərindən danışıblar. Ekran əsərində Qarabağ müharibəsində Vətən uğrunda son damla qanına qədər döyüşən Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edilir. Filmin çəkilişləri Şəmkirdə, Ağdamda, İsmayıllıda, Ağcabədidə, Sumqayıtda aparılıb.