Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi şərəfinə
Ola bilsin ki, cavanlar bu barədə bilmir, amma orta və yaşlı nəslin yaxşı yadındadır: keçmiş ittifaqın demək olar ki, bütün kinoteatrlarında iri ağ ekranın böyründə proletariatın dahi rəhbərinin kino barədə kəlamı şüar kimi vurulardı. Həmin şüarda deyilirdi ki, kino bizim üçün bütün incəsənət sahələrindən ən vacibidir. Əslində sıravi vətəndaşlara bir şüar kimi sırınan bu cümlənin elə bir hikməti yox idi. Çünki V.İ.Lenin kəlamabənzər bu cümlənin ardınca bu vacibliyi izah edərək yazmışdı ki, kinonu digər incəsənət əsərlərindən fərqli olaraq qutuya yığıb istənilən yerə aparmaq və orada nümayiş etdirmək mümkündür. Yəni bu qədər sadə yanaşma. Amma etiraf edək ki, sadə olduğu qədər də uzaqgörən münasibətdir. Həmin fikrin yazıldığı vaxtdan təxminən bir əsr keçir, lakin hansı tərəfdən baxsaq, ekranda nümayiş etdirilən hər hansı kino, video lenti öz əhəmiyyətini itirməyib.
Sənədli lentlərlə başlayan tarixi dönəm
Bütün dövrlərdə və bütün quruluşlarda təkcə döyüşən ordunun deyil, bütün gəncliyin hərbi-vətənpərvərlik tərbiyəsi, onların Vətənə, dövlətə, hərbi anda sədaqəti ordu komandanlığının, hərb işinin başbilənlərinin diqqət mərkəzində olub. Ta qədim zamandan bu gün adına hərbi marş dediyimiz, nizami hissələrin oxuması üçün qoşulmuş musiqi parçalarına bütün sivil xalqların hərb tarixində rast gəlmək mümkündür. Xalq şair və ozanlarının hərb qəhrəmanlarını vəsf edən nəğmələri, dastan və saqaları əsrdən-əsrə, dildən-dilə keçərək günümüzədək gəlib çatıb və hətta bir xalqın ağız ədəbiyyatı olmaq çərçivəsindən çıxaraq dünya ədəbiyyat və mədəniyyət xəzinəsinə daxil olub.
23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti dövründə böyük Məhəmməd Əmin Rəsulzadə yazırdı ki, bir alay əsgərin milli nəğmələr ötərək əhali qarşısından bir dəfə keçməsi mətbuatın 10 illik təbliğatından daha böyük təsir buraxır.
Bu il 120 yaşını qeyd etdiyimiz Azərbaycan milli kinosu ömrünün ilk iyirmi ilində o qədər də inkişaf edə bilmədiyindən Cümhuriyyət dövründə hərb tarixinə və hərbi vətənpərvərliyin təbliğinə dair sənədli və bədii lentlər həsr etməyə macal tapmamış, sadəcə, bir neçə sənədli xronika ilə kifayətlənmişdi. Elə sovetləşmənin ilk illərində də bu istiqamətdə diqqəti çəkən Azərbaycan kinolentlərinə rast gəlmək müşküldür. Mərkəzləşdirilmiş təbliğat və mərkəzə tabe etdirilən ordu qayda-qanunları istisnasız olaraq Moskvanın səlahiyyətində idi. Ta Böyük Vətən müharibəsi başlayanadək bu cür də davam edəcəkdi...
...O zaman silsilə şəklində çəkilən “Ordenli Azərbaycan” kinojurnalının 1941-ci ilə aid birləşdirilmiş 20 və 21-ci buraxılışı artıq iyun ayında hazır idi. Həmin buraxılışda müharibənin başlanmasından və Azərbaycan gənclərinin orduya könüllü yazılmasından bəhs edilirdi. Azərbaycan kinematoqrafçıları müharibə dövründə iki cəbhədə çalışırdılar: cəbhədə şücaət göstərən döyüşçülərimizin qəhrəmanlığından, arxa cəbhədə çalışan zəhmət adamlarının hünərindən, xüsusən də Bakı neftçilərinin qələbə naminə misilsiz xidmətindən söz açan sənədli və bədii lentlər çəkirdilər. Təbii ki, bu filmlərdə dövrün ideoloji təsiri və pafoslu təbliğat güclü hiss olunur, sovet əsgəri cəsur, alman döyüşçüsü qorxaq təqdim edilirdi. Bütün bunlar filmlərin bədii, kimsə cəsarət edib dilə gətirməsə belə, gerçək təbliğat effektini azaldırdı. Yəqin buna görədir ki, həmin illərdə Azərbaycanda istehsal olunmuş ilk bədii qısametrajlı film – gerçək cəbhə qəhrəmanı Kamal Qasımovun şücaətinə həsr olunmuş “Vətən oğlu”, dənizçilərin qəhrəmanlığından bəhs edən “Sualtı qayıq “T-9” tammetrajlı bədii filmləri bu gün yalnız kino tarixi ilə peşəkarcasına maraqlananlardan başqa kimsənin yadında deyil.
Vəziyyəti dəyişən “Uzaq sahillərdə”
Əsl sənət əsəri məhz zaman və məkan fövqündə dayanan əsərdir. Hətta cəmiyyətin ideoloji meyarları dəyişdikdə belə, həmin qövmdə ərsəyə gəlmiş bu cür əbədi mövzuya - məhz insanlar arasındakı münasibətlərə hesablanmış, böyük amallara əsaslanan əsərlər heç zaman köhnəlmir. Maraqlıdır ki, 1958-ci ildə “Azərbaycanfilm” kinostudiyası iki belə bədii film üzərində yaradıcılıq işini başa çatdırdı: baş qəhrəmanı əfsanəvi partizan, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə olan “Uzaq sahillərdə”, bir də ön cəbhədə vuruşan və arxa cəbhədə çalışan insanların gerçək simasını açan “Onun böyük ürəyi” bədii filmləri geniş ekranlara çıxdı. Hər kəs bu filmləri dəfələrlə seyr etdiyi üçün bədii məziyyətləri üzərində dayanmaq istəmirik. Lakin bir danılmaz fakt var ki, hər iki filmin quruluşçu rejissorları – Tofiq Tağızadə və Əjdər İbrahimov ön cəbhənin alovları içindən keçmiş döyüşçülər idilər. Bu filmlərin patetikadan, yersiz pafosdan uzaq olması artıq ittifaq miqyasında aparılan ideoloji siyasətin nəticəsi idisə, bir o qədər də filmin yaradıcılarının mövzuya, cəbhə həyatına bələdliyindən və öz qəhrəmanlarına bəslədikləri səmimi münasibətə bağlı idi.
Ekranın görgötür təlqini
Yaxşı və sanballı əsərin müəllifi heç vaxt öz izləyicisinə “sən də mənim qəhrəmanım kimi ol!” mesajı vermir. Amma seyrçi ekrandan öz altşüuruna ötürülən ideoloji nümunə siqnallarını adekvat qəbul edir.
...Səmayə yolunu azmış həyat yoldaşına sədaqət andını pozmadan Mansura ümid verir. Çünki cəbhədə döyüşən əsgər inanmalıdır ki, onu gözləyən var (“Onun böyük ürəyi”).
...Sara lap kiçik yaşda əsir düşsə də, bilir ki, kimdir, hansı xalqın övladıdır, nə vaxtsa Vətəninə qayıdacaq, ana südü ilə əxz etdiyi yaşam prinsiplərinə xəyanət etmir (“Bizim küçə”).
...Vaqif ağlı kəsəndən müharibənin nə olduğunu bilir, evdə tək qalsa da, aclıq onu üzsə də, itirdiyi çörək kartoçkasını tapanda ac qaldığı günlərin acığına doyunca yemək əvəzinə, çörək payına dostlarını şərik edir (“Şərikli çörək”).
Bu nümunə cərgəsini Böyük Vətən müharibəsinə həsr olunmuş digər filmlərdən gətirdiyimiz misallarla xeyli uzada bilərdik. Əgər...
Bəli, əgər təxminən otuz il ərzində zorla düçar olduğumuz Qarabağ savaşı olmasaydı... Elə isə, Azərbaycan kinematoqrafının bu illər ərzində Qarabağ uğrunda gedən savaş barədə çəkdiyi hansı filmlərin adını çəkə bilərik?
Çox təəssüf ki, təxminən ilk 10-15 il ərzində Qarabağ savaşına dair çəkilən filmlər elə Böyük Vətən müharibəsi dövründə və ondan sonrakı ilk on ildə lentə alınmış filmləri xatırlatdı. Bəsit süjet xətti, zəif ideya və ekran yozumu heç bir hərbi vətənpərvərlik anlayışına sığışmırdı. Digər tərəfdən, dağılan iqtisadiyyatın fonunda təkcə sənət yox, həm də istehsal sahəsi olan kinematoqrafiyanın acınacaqlı duruma düşməsi də yerli müharibə filmlərinin çəkiliş effektini xeyli azaltdı. Təsəvvür edin, dünya kinematoqrafiyasına yeni, rəqəmsal çəkiliş və montaj texnologiyasının yol açdığı, ildən-ilə yenilənən texnologiyanın fonunda Azərbaycan kinosu kadr və avadanlıq qıtlığı ilə üzləşdi. Təbii ki, belə bir fonda daha peşəkar insanlar film çəkmək və filmdə çəkilmək iddialarını boğub kənara çəkildilər, diletantlar və fürsətcilər önə keçdilər. Bəzən belə fikirlər də səsləndi ki, ötən əsrin 50-70-ci illərində müharibə mövzusunda ən gözəl ekran əsərlərini yaratmış ssenari müəllifləri və rejissorlar kimi bugünkü batal film yaradanlar da barıt qoxusu udanların arasından yetişməlidir. Düzdür, həmin filmlərin arasında “Fəryad” (1993) filmi kimi istisna da olub...
Çox gözləmək lazım gəlmədi...
Qarabağ müharibəsi haqqında əsl filmlərin (ekran həlli, estetikası, mövzuya peşəkar münasibət, yaradıcı heyət, texnoloji imkanlar baxımından) meydana çıxma tarixi təxminən 2010-cu illərdə başladı. Doğrudur, bu filmlərlə də bağlı fikirlər eyni olmadı. Elxan Cəfərovun “Dolu” (2012) və “Yarımçıq xatirələr” filmləri bizim müqəddəs torpaq savaşımız adına layiq ekran əsərləri oldu. Sadəcə, bu filmlərin beynəlxalq arenaya çıxışı, eləcə də Azərbaycan mühitində daha geniş təbliği istənilən səviyyədə aparılmadı. Sadəcə, Elçin Musaoğlunun “Nabat” (2014) filminin bu baxımdan bəxti gətirdi. Ondan çox beynəlxalq festivalda təkcə Azərbaycan kinematoqrafiyasını deyil, həm də Azərbaycan həqiqətlərini əks etdirən “Nabat” nümayiş olundu və mükafata layiq görüldü. Əslində on-on beş il ərzində çox şey dəyişməmişdi. Belə filmlər dövlət sifarişi ilə ekranlaşdırılsa da, onların büdcəsi yenə də Hollivud savaş filmlərinin büdcəsi ilə müqayisədə çox kiçik, texniki baxımdan da xeyli geridir. Sadəcə, Qarabağ uğrunda savaşdan bəhs edən film necə olmalıdır sualına tapılmış doğru cavab yeni filmlərin ana xəttini düzgün müəyyən etməyə imkan verir.
Son illər hamı ölkədə yaranmış müxtəlif prodakşnların yalnız ucuz komediya, bəsit melodram filmləri çəkməsini gen-bol tənqid atəşinə tutur. Lakin aprel ayında belə özəl prodakşnlardan biri Qarabağ savaşının qəhrəmanlarından Yavər İsgəndərovun başına gələn hadisələrdən bəhs edən “Son nəfəsədək” filmini böyük ekrana çıxardı. Amma onun da kinoteatrlarda nümayişi çox çəkmədi...
Bir qədər köhnəliyin təkrarına oxşasa da (əgər yeni heç nə icad edə bilmiriksə), bütün hərbi hissələrdə, gənclərin sayca çox olduğu məkanlarda – ali məktəblərdə, eləcə də yuxarı sinif şagirdləri üçün orta məktəblərdə Qarabağ müharibəsi, Aprel döyüşləri iştirakçıları ilə görüşlər keçirilməlidir ki, yetişən gənc nəsil xalqın əsl qəhrəmanlarını tanısın. Belə görüşlərin sonunda da bizim hərb kinematoqrafiyamızın ən yaxşı filmləri nümayiş etdirilməlidir. Bu cür filmlər təkcə hansısa şəhər və rayonumuzun işğal gününün ildönümündə televiziya kanallarında göstərilməməlidir. Kimsəyə sirr deyil ki, işğal günlərində oxşar proqramlar, filmlər bütün telekanallarda göstərildiyi üçün teleseyrçini öz efirindən perikdirir.
Biz isə ümidliyik. Həm 120 yaşlı Azərbaycan kinematoqrafiyasının, həm də 100 yaşlı Silahlı Qüvvələrimizin qazanacağı qələbələri gözləyirik.
Gülcahan MİRMƏMMƏD
Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir.