İyunun 6-da Bakı Slavyan Universitetində (BSU) rus dili və ədəbiyyatı üzrə X olimpiadanın yekun mərasimi keçirilib. Olimpiada Rusiyanın Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin ölkəmizdəki nümayəndəliyi, Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə reallaşıb.
“Rossotrudniçestvo”nun sədri Valentin Denisov qeyd edib ki, builki olimpiadada Azərbaycanın 51 şəhər və rayonundakı 605 ümumtəhsil müəssisəsindən 2811 şagird iştirak edib.
Nəticədə 170 iştirakçı qalib olub. V.Denisov qeyd edib ki, Azərbaycanda rus dilinə həmişə hörmətlə yanaşıblar. Böyük Azərbaycan şairi Mirzə Ələkbər Sabir yazırdı: “Rus dilini bilməmək bir növ mədəniyyət xəzinəsinin açarını itirməyə bənzəyir”.
RF-nin Azərbaycandakı səfirliyinin müşaviri Artyom Barkov böyük rus şairi Aleksandr Puşkinin doğum şərəfinə qeyd edilən 6 iyun – Beynəlxalq rus dili günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Təhsil nazirinin müavini Firudin Qurbanov, BSU-nun rektoru Nurlana Əliyeva, Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski olimpiadanın qaliblərini təbrik edərək onlara uğurlar diləyiblər.
Mərasim konsert proqramı ilə başa çatıb.