Prezident Ramazan bayramı münasibətilə xalqımızı və dünyadakı soydaşlarımızı təbrik edib
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı təbrik edib.
“İlahi hikmətlər xəzinəsi Qurani-Kərim on bir ayın sultanı sayılan mübarək Ramazan ayında nazil olmuşdur. Müsəlmanlar bu ayda Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Orucluq mərasimləri hər il cəmiyyətimizdə humanizmin, birlik və bərabərliyin təntənəsinə çevrilir. Bu mübarək ayda xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi naminə edilən bütün dua və diləklərlə həmrəy olduğumu bildirir, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini minnətdarlıqla yad edirəm”, - deyə təbrik müraciətində vurğulanır.
Təbrikdə builki Ramazan günlərinin müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubiley təntənələri ilə bir vaxta təsadüf etməsinin əlamətdar hal olduğu bildirilir. Qeyd olunur ki, müstəqil dövlətçiliyimizin bərpasından sonra ölkədə mütərəqqi islami dəyərlərin bərqərar edilməsi cəmiyyətimizin mənəvi-əxlaqi yüksəlişinə təkan verib, öz milli köklərinə daim sadiq qalan xalqımızın bütövlüyünü, vəhdətini və həmrəyliyini daha da gücləndirib: “Bu gün dövlət müstəqilliyimizin möhkəmləndirilməsi uğrunda Azərbaycanın oğul və qızlarının sarsılmaz mübarizə əzmi və yüksək vətənpərvərliyi tarixi ənənəyə və milli-mənəvi dəyərlərə bağlılığın bariz nümunəsidir”.