İyunun 14-də Azərbaycan Bəstəkarlar İttifaqında ədəbiyyatşünas alim, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) kafedra müdiri, filologiya elmləri doktoru, professor Tərlan Quliyevlə “Müasirlərlə dialoq” layihəsi çərçivəsində “Mədəniyyətimiz, mənəviyyatımız: yaxın-uzaq tarix – “Dədə Qorqud” mövzusunda görüş keçirildi.
Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə çıxış edərək Tərlan Quliyevin elmi yaradıcılığı haqqında məlumat verdi. Bildirdi ki, bir neçə il əvvəl alimin “Dədə Qorqud kitabı”: bir müqəddimə, üç boy...” adlı kitabı nəşr edilib. Kitabda dastandakı şeirlərin qafiyə və vəzn xüsusiyyətləri, həmçinin eposdakı dini məsələlər ön plana çıxarılıb. F.Əlizadə alimə yeni yaradıcılıq uğurları arzuladı.
Bəstəkarlar İttifaqının katibləri, əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Sərdar Fərəcov, BMA-nın prorektoru, professor Gülnaz Abdullayeva çıxış edərək ədəbiyyatşünas alimin araşdırmalarından söz açdılar.
Daha sonra professor Tərlan Quliyev “Dədə Qorqud” dastanının nəşrləri, eposun dili, ilk nüsxəsi ilə bağlı məlumatları diqqətə çatdırdı. Qeyd olundu ki, XVI əsrin birinci yarısında türk xalqlarının ortaq abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının Vatikan nüsxəsinin üzü köçürülüb və bu nüsxə bir müqəddimə, altı boydan ibarətdir. Dastanın Drezden nüsxəsinin əlyazması üzərində bu xalq ədəbiyyatı nümunəsi bir cümlə ilə belə adlandırılıb: “Oğuzlar tayfasının dilində Dədəm Qorqudun kitabı”.
Tədbirdə “Dədə Qorqud” dastanının ideya-bədii xüsusiyyətləri barədə geniş diskussiya aparıldı.
LALƏ