Mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizin mədəniyyət ictimaiyyətini müsəlman dünyasının müqəddəs Ramazan bayramı münasibətilə təbrik edib.
Təbrikdə islam dininin humanist dəyərlərinin təcəssümü olan Ramazanın insanları birliyə, bərabərliyə, paylaşmağa, eyni zamanda nəfsinə hakim olmağa səslədiyi qeyd olunur. Bildirilir ki, insanın ruhu və cismi üçün olduqca böyük önəm kəsb edən orucluq mənəviyyatımıza müsbət təsir göstərən ilahi qüdrətə malikdir.
Orucluq ilin qısa bir dövrünü əhatə etsə də, onun gətirdiyi mənəvi zənginlik, ruhi rahatlıq özünü və cəmiyyəti dərk etmək baxımından böyük əhəmiyyət kəsb edir. Ona görə də “On bir ayın sultanı” olaraq xarakterizə edilən bu mübarək bayramın hikmət və fəziləti islam fəlsəfəsində çox önəmli yerə sahibdir.
“Tarixən Azərbaycanda islam dəyərlərinə, irsinə bağlılıq olmuşdur. Ölkəmizdə islam mədəniyyətini zənginləşdirən qədim maddi mədəniyyət nümunələrinin çoxluğu xalqımızın bu dinin ali ideyalarına olan ehtiramının mühüm göstəricisidir. Xalqımız tarixin müxtəlif dönəmlərində çətin sınaqlardan keçsə də, öz adət-ənənələrini, həmçinin islam dininin dəyərlərini qoruyub yaşatmışdır. Azərbaycanda həmişə islami dəyərlər və dünyəvilik vəhdətdə olmuşdur. Prezident İlham Əliyevin sərəncamı ilə 2017-ci il ölkəmizdə “İslam həmrəyliyi ili” elan edilmiş, həmin il may ayının 12-dən 22-dək Bakıda IV İslam Həmrəyliyi Oyunları yüksək səviyyədə keçirilmişdir. Bu il Azərbaycanın qədim və zəngin mədəniyyət beşiklərindən olan Naxçıvan şəhəri “İslam mədəniyyətinin paytaxtı” missiyasını yerinə yetirir”, - deyə təbrikdə vurğulanır.
Əbülfəs Qarayev təbrikin sonunda mədəniyyət ictimaiyyətinə müqəddəs bayram münasibətilə cansağlığı, ailə səadəti və ölkəmizin tərəqqisi naminə yeni uğurlar arzulayıb.