Moskvada “İntermuzey” beynəlxalq festivalı özünün 20-ci yubiley sərgisini reallaşdırıb. 29 may - 4 iyun tarixlərində gerçəkləşən sərgi Rusiya paytaxtında professional muzey işçilərinin toplandığı yeganə beynəlxalq format hesab olunur.
“Muzey və cəmiyyət” mövzusuna həsr olunan sərgidə Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xalça Muzeyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi də iştirak edib.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bizimlə söhbətində bildirdi ki, “İntermuzey” beynəlxalq festivalında 2012-ci ildən iştirak edirlər. Muzeyin builki stendi Musiqi Muzeyləri və Kolleksiyaçıları Beynəlxalq Assosiasiyası ilə birgə təşkil edilib. Sərgidə dahi bəstəkar Qara Qarayevin 100, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 50 və muzeydə fəaliyyət göstərən Musiqi Həvəskarları Klubunun 10 illiyinə dair təqdimatlar olub. Həmçinin Rusiya Milli Musiqi Muzeyinə Qara Qarayevin yubileyi ilə bağlı sərgidə nümayiş olunmaq üçün eksponatlar təqdim edilib.
A.Bayramova Moskvaya səfəri zamanı Rusiya Ədəbiyyat və İncəsənət Dövlət Arxivində Qara Qarayevin irsi ilə əlaqədar araşdırma da aparıb. Bəstəkarın maraqlı arxiv materialları, o cümlədən ulu öndər Heydər Əliyevə, müəllimi Dmitri Şostakoviçə yazdığı məktubların, 1961-ci ildə Amerikaya səfəri zamanı yol qeydləri və digər sənədlərin surəti əldə olunub.
Muzeyin direktoru bildirdi ki, iyunun 27-də Rusiya Milli Musiqi Muzeyində Qara Qarayevin 100 illiyinə həsr edilmiş sərgi açılacaq. Sərgidə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin təqdim etdiyi eksponatlarla yanaşı, bəstəkarın Tretyakov Dövlət Qalereyasında qorunan, SSRİ Xalq rəssamı Tahir Salahov tərəfindən yaradılan portreti, habelə Rusiyanın Kino Muzeyində saxlanılan eksponatlar nümayiş olunacaq. Eləcə də bəstəkarın əlyazmaları, kitabları, dostlarına məktubları və əsərləri haqqında sənədlər təqdim ediləcək.
“İntermuzey-2018” sərgisində Xalça Muzeyi tərəfindən Azərbaycan xalçaları və xalçaçılıq sənəti ilə bağlı nəşrlər təqdim olunub. Muzeyin baş mütəxəssisi Aynur Məmmədova dünyada ilk ixtisaslaşdırılmış Azərbaycan Xalça Muzeyi haqqında məlumat verib. Bildirilib ki, muzeydə Azərbaycan xalça və kilimlərinin ən böyük kolleksiyası saxlanılır. Muzeyin beynəlxalq əlaqələri haqqında danışan A.Məmmədova bu ilin noyabr ayında Ümumrusiya Dekorativ və Tətbiqi Sənət Muzeyində keçiriləcək “Yeddi gözəl” adlı birgə sərgi haqqında da söz açıb. Diqqətə çatdırılıb ki, sərgi dünya şöhrətli şair, mütəfəkkir Nizami Gəncəvinin “Yeddi gözəl” poeması və böyük bəstəkar Qara Qarayevin eyniadlı baletinə ithaf ediləcək. “Yeddi gözəl” sərgisi Azərbaycanın tolerantlıq mədəniyyətini, gözəllik və sənət haqqında ənənələri nümayiş etdirəcək.
Lalə AZƏRİ