Azərbaycan

16 iyun 1864 – Maarif xadimi Həbib bəy Hacı İbrahimxəlil oğlu Mahmudbəyov (1864 - 30.7.1928) anadan olub.

16 iyun 1888 – Xalq artisti Hacıağa Abbasov (1888 - 7.5.1975) Bakının Maştağa kəndində doğulub. 1921-ci ildən özünün yaratdığı Tənqid-Təbliğ Teatrına, daha sonra Akademik Dram Teatrına (1927-1929), Bakı Teatr Texnikumuna (1929-1937) rəhbərlik edib. “Ağa Məhəmməd şah Qacar və Molla Pənah Vaqif”, “Sabirin məhkəməsi” və s. pyeslərin müəllifidir.

16 iyun 1939 – Şair, ədəbiyyatşünas, Əməkdar incəsənət xadimi, professor Rəfiq Zəka Xəndan (1939 - 7.1.1999) anadan olub. “Çağlayan”, “Könlümün yadigarı”, “Axıb gedən günlərimiz”, “Azərbaycanın səsi” və s. kitabların müəllifidir.

 

17 iyun 1926 – Xalq rəssamı Elbəy Rzaquliyev (1926 - 15.9.2007) anadan olub. Əsərləri bir sıra xarici ölkələrdə sərgilənib. “Qara daşlar”, “Telefonçu qız”, “Arşın mal alan” (1965), “Bakıda küləklər əsir”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. filmlərin rəssamı olub.

17 iyun 1947 – Azərbaycanın və SSRİ-nin Xalq artisti, opera müğənnisi Fidan Əkrəm qızı Qasımova anadan olub. Beynəlxalq müsabiqələr laureatı adına layiq görülmüş (1977, C.Viotti adına müsabiqə) ilk azərbaycanlı xanım vokalçıdır. 1974-cü ildən Opera və Balet Teatrında çıxış edib. Bakı Musiqi Akademiyasının professorudur.

 

18 iyun Azərbaycanda İnsan hüquqları günüdür. 1998-ci il iyunun  18-də Azərbaycan Respublikasında “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” qəbul olunub. Prezident İlham Əliyevin sərəncamı (2007) ilə bu tarix ölkəmizdə “İnsan hüquqları günü” elan edilib.

18 iyun 1917 – Xalq artisti, bəstəkar Cövdət Hacıyev (1917 – 18.1.1994) anadan olub. Azərbaycanda simfonik musiqinin yaradıcılarından biridir, xalq musiqisi elementlərinin yer aldığı altı simfoniya, orkestr və xor üçün əsərlər bəstələyib.

18 iyun 2001 – Prezident Heydər Əliyev “Dövlət dilinin işlənməsinin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, 2001-ci il avqustun 1-dən ölkədə Azərbaycan dilində olan bütün çap məhsulları latın qrafikalı əlifbaya keçib.

 

19 iyun 1900 – Xalq artisti, görkəmli teatr və kino aktyoru Möhsün Sadıq oğlu Sənani (Cəfərov; 1900 – 11.2.1981) Tiflisdə doğulub. Tiflisdəki Azərbaycan teatrında çıxış edib. 1921-ci ildən Bakıya gələrək Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. “Kəndlilər”, “Səbuhi”, “Fətəli xan”, “O olmasın, bu olsun”, “Sehrli xalat”, “Dağlarda döyüş” və s. filmlərdə çəkilib.

19 iyun 1924 – Ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Seyfulla Qüdrət oğlu Əsədullayev (1924-2011) Astara rayonunun Ərçivan kəndində anadan olub.

19 iyun 1933 – Əməkdar memar Avrora Əbdüləziz qızı Salamova (1933-1986) anadan olub.

 

20 iyun 1898 – Xalq artisti Əli Mirzə oğlu Qurbanov (1898 - 14.10.1962) Tiflisdə anadan olub. Səhnə fəaliyyətinə burada başlayıb, 1925-ci ildə Bakıya gələrək Akademik Dram Teatrında çalışıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Bir qalanın sirri” və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.

20 iyun 1915 – Xalq artisti Süleyman Ağababa oğlu Ələsgərov (1915 - 10. 12.1998) Bakıda doğulub. “Bizim Cəbiş müəllim”, “Bəxtiyar”, “Dağlarda döyüş”, “Babamızın babasının babası” və s. filmlərdə çəkilib.

20 iyun 1921 – Bəstəkar, Xalq artisti Cahangir Şirgəşt oğlu Cahangirov (1921 - 25.3.1992) Bakının Balaxanı kəndində doğulub. “Arazın o tayında” vokal-simfonik poeması, “Füzuli”, “Nəsimi” kantataları, “Azad”, “Xanəndənin taleyi” operaları və çoxsaylı mahnıların müəllifidir. “Koroğlu”, “Yenilməz batalyon”, “Dəli Kür” filmlərinə musiqi yazıb.

21 iyun 1794 – Tarixçi, şair, maarifçi Abbasqulu ağa Bakıxanov (1794-1847) Bakının Əmircan (Xilə) kəndində anadan olub. 1819-1845-ci illərdə çar Rusiyasının Tiflisdəki Qafqaz Baş Hərbi İdarəsində Şərq dilləri tərcüməçisi işləyib, Türkmənçay müqaviləsinin (1828) imzalanmasında iştirak edib. “Gülüstani-İrəm” əsəri ilə Azərbaycan tarixşünaslığının əsasını qoyub. “Qüdsi” təxəllüsü ilə şeirlər yazıb.

21 iyun 1933 – Xalq artisti, xanəndə Tələt Məmmədağa oğlu Qasımov (1933 – 28.7.2013) Bakıda doğulub. Azərbaycan Dövlət Filarmoniyası və Dövlət Konsert Birliyinin solisti olub, çoxsaylı qastrol səfərlərində muğam sənətimizi layiqincə təmsil edib.

 

Dünya

 

16 iyun 1313 – İntibah dövrünün görkəmli italyan yazıçısı, şair Covanni Bokkaçço (Giovanni Boccaccio; 1313-1375) anadan olub. Povest və hekayələr toplusu olan “Dekameron” əsərinin müəllifidir.

16 iyun 1937 – Amerika yazıçısı, ssenarist və dramaturq Erik Siqal (Erich Wolf Segal; 1937-2010) anadan olub. “Məhəbbət tarixçəsi” povesti 20-dən çox dilə tərcümə olunub, əsər əsasında eyniadlı film çəkilib.

16 iyun 1950 – Hind kinoaktyoru Mithun Çakroborti (Mithun Chakraborty) anadan olub. 1982-ci ildə ekranlara çıxan “Disko rəqqası” filmi ilə şöhrət qazanıb. 200-dən çox filmə çəkilib.

 

17 iyun Dünya səhralaşma və quraqlıqla mübarizə günüdür (World Day to Combat Desertification and Drought). BMT Baş Assambleyasının 30 yanvar 1995-ci il tarixli qətnaməsi ilə təsis edilib.

17 iyun 1818 – Fransız bəstəkarı, dirijor və pedaqoq Şarl Quno (Charles François Gounod, 1818-1893) anadan olub. “Faust”, “Romeo və Cülyetta” operalarının müəllifidir.

17 iyun 1882 – Rus bəstəkarı, dirijor, pianoçu İqor Stravinski (1882-1971) anadan olub. “Müqəddəs bahar”, “Səməndər quşu”, “Petruşka” baletlərinin, “Bülbül” operasının müəllifidir.

17 iyun 1939 – Tanınmış Polşa kinorejissoru Kşiştof Zanussi (Krzysztof Zanussi) anadan olub. Filmləri: “Ailə həyatı”, “Spiral” və s.

 

18 iyun 1929 – Müasir dünya fəlsəfəsinin görkəmli nümayəndəsi, alman sosioloqu Yurgen Habermas (Jürgen Habermas) anadan olub.

18 iyun 1935 – SSRİ Xalq artist Yuri Solomin anadan olub.  Filmləri: “Əlahəzrətin yavəri”, “SİTA bəyan etməyə müvəkkil olunmuşdur” və s. Rusiya Akademik Kiçik Teatrının (“Malıy Teatr”) bədii rəhbəridir.

18 iyun 1942 – İngilis müğənnisi və bəstəkarı, əfsanəvi «Bitlz» qrupunun üzvü Pol Makkartni (James Paul McCartney) anadan olub.

 

19 iyun 1623 — Fransız filosofu, fizik, riyaziyyatçı Blez Paskal (Blaise Pascal; 1623-1662) anadan olub. Riyazi analizin banilərindən biri, “Din və digər şeylər haqqında düşüncələr”, “Əyalət adamına məktublar” və s. əsərlərin müəllifidir.

19 iyun 1920 – Fransız kinorejissoru İv Robber (Yves Robert; 1920-2002) anadan olub. Filmləri: “Qara çəkməli ucaboy sarışın”, “Ucaboy sarışının qayıtması” və s.

19 iyun 1924 – Belarus yazıçısı Vasil Bıkov (1924-2003) anadan olub. Əsərləri: “Alp balladası”, “Ölülər ağrı hiss etmir”, “Sotnikov”, “Sübhədək yaşamalı” və s. Bir çox əsərləri əsasında filmlər çəkilib.

 

20 iyun Dünya qaçqınlar günüdür (World Refugee Day). BMT Baş Assambleyası tərəfindən 2000-ci il dekabrın 4-də təsis edilib.

 

20 iyun 1819 – Fransız bəstəkarı Jak Offenbax (Jacques Offenbach, 1819-1880) anadan olub. “Gözəl Yelena”, “Paris həyatı”, “Quldurlar” və s. operettaların müəllifidir.

20 iyun 1932 – Rus şairi Robert Rojdestvenski (1932-1994) anadan olub. Əsərləri: “Rekviyem”, “Otuzuncu əsrə məktub”, “210 addım” poemaları və s.

 

21 iyun 1840 – Gürcü şairi, yazıçı, ictimai xadim Akaki Rostomoviç Sereteli (1840 - 8.2.1915) anadan olub.

21 iyun 1905 – Fransız yazıçı-dramaturqu, filosof Jan-Pol Sartr (Jean-Paul Sartre; 1905-1980) anadan olub. 1964-cü ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb, lakin mükafatdan imtina edib. Əsərləri: “Ürəkbulanma”, “Azadlıq yolları”, “Milçəklər”, “Qapalı qapılar arxasında”, “Dəfn olunmamış ölülər” və s.

21 iyun 1910 – Rus şairi Aleksandr Tvardovski (1910-1971) anadan olub. “Muraviya ölkəsi”, “Vasili Tyorkin”, “Uzaqlardan uzaqlara” poemalarının müəllifidir.

Hazırladı:  Vüqar ORXAN