Azərbaycan Respublikası və İran İslam Respublikasının müvafiq nazirlikləri arasında 2018-2021-ci illər üçün mədəni mübadilə proqramına əsasən 27 iyun - 1 iyul tarixlərində ölkəmizdə İran mədəniyyəti günlərinin keçirilməsi planlaşdırılıb. Tədbir çərçivəsində İranın incəsənət ustalarının iştirakı ilə konsertlər, sərgi, film və teatr tamaşasının nümayişi nəzərdə tutulub.

Mədəniyyət günləri iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlığın inkişafına, incəsənət xadimlərinin və insanların bir-birini daha yaxından tanımasına, sıx ünsiyyət qurulmasına, İranın mədəni nailiyyətlərinin Azərbaycan sənətsevərlərinə təqdim edilməsinə, təcrübə mübadiləsinin genişlənməsinə  xidmət edəcək.

Xatırladaq ki,  2017-ci ilin 3-9 iyul tarixində İranda Azərbaycan mədəniyyəti günləri keçirilmiş və zəngin proqramı ilə yadda qalmışdı.

Mədəniyyət günləri çərçivəsində İran İslam Respublikasının mədəniyyət və islami irşad naziri doktor Seyid Abbas Salehinin başçılığı altında geniş tərkibli nümayəndə heyəti ölkəmizə gələcək.

İyunun 27-də Muzey Mərkəzində mədəniyyət günləri ilə bağlı mətbuat konfransı, İran incəsənət ustalarının əl işləri, milli geyim nümunələrinin, xəttatlıq, foto və rəsm əsərlərindən ibarət sərginin açılışı olacaq. Axşam Azərbaycan Dövlət Akademik Filarmoniyasında İran mədəniyyəti günlərinin rəsmi açılışı və İran Milli Orkestrinin konserti keçiriləcək.

İyunun 28-də Nizami Kino Mərkəzində rejissor Məhəmmədrza Məcidi Taleşin “Məhəmməd: Allahın elçisi” bədii filmi, Azərbaycan Dövlət Musiqili Teatrında isə İranın Titovak Teatrının “İlahi komediya. Cəhənnəm” tamaşası (ssenari müəllifi və rejissoru İbrahim Poştkuhi) nümayiş olunacaq.

Mədəniyyət günləri çərçivəsində iyunun 29-da Gəncə Dövlət Filarmoniyasında da  İran Milli Orkestrinin konserti planlaşdırılır.