İyunun 21-də Muzey Mərkəzində “Ömür qısa, incəsənət isə əbədidir...” adlı gecə keçirildi. Gecə tanınmış sənətşünas alim, Əməkdar incəsənət xadimi Leyla Axundzadənin xatirəsinə həsr olunmuşdu.
Tədbiri Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Qalib Qasımov açaraq Leyla Axundzadənin həyat və fəaliyyətindən danışdı. Bildirildi ki, Leyla Axundzadə 21 iyun 1953-cü ildə Moskva şəhərində anadan olub. 1975-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsinin sənətşünaslıq şöbəsini bitirib. 1984-cü ildə sənətşünaslıq namizədi alimlik dərəcəsi alan Leyla xanım AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Təsviri sənət şöbəsində elmi işçi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Təsviri sənət tarixi kafedrasının müdiri, Dövlət Rəssamlıq Akademiyasında kafedra müdiri, 2006-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri vəzifələrində çalışıb. Bütün fəaliyyəti dövründə öz istedad və bacarığı ilə seçilib, onu tanıyanların, həmkarlarının hörmət və rəğbətini qazanıb.
Azərbaycan Respublikası Prezidentinin 15 may 2007-ci il tarixli sərəncamına əsasən Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdü. Leyla Axundzadə 2010-cu ildə faciəli şəkildə dünyasını dəyişib.
Xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədov Leyla Axundzadənin Azərbaycan sənətşünaslığına verdiyi töhfələrdən bəhs etdi, xatirələrini danışdı.
Daha sonra Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə, sənətşünas Dilarə Vahabova və Leyla Axundzadənin tələbələri çıxış edərək xatirələrini dilə gətirdilər. Vurğulandı ki, Leyla Axundzadə öz bilik və bacarıqlarını hər zaman başqaları ilə bölüşən, öz dəst-xətti ilə seçilən sənətşünaslardan idi. Gənc nəsil ondan daim öyrənir və hər zaman onun dəstəyini hiss edirdi.
Bildirildi ki, Leyla Axundzadə 1978-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi. 2000-ci ildə “Zamanın qanadları” Yaradıcılıq Assosiasiyasını yaratmışdı.
2007 və 2009-cu illərdə İtaliyada – Venesiya Biennalesində Azərbaycan pavilyonunun təşkilində onun xüsusi rolu olmuşdu. Həmçinin Azərbaycanda “Aliminium” Beynəlxalq Müasir İncəsənət Biennalesinin təşəbbüsçüsü və təşkilatçısı idi.
Diqqətə çatdırıldı ki, Leyla xanım sənətşünas kimi daim axtarışda olan, yeniliklər axtaran insan idi. Zəhmətkeş mütəxəssis, bacarıqlı təşkilatçı kimi konseptual sənəti dərindən bilir, müasir sənətin yeniliklərini Azərbaycana gətirməyə çalışırdı.
Gecədə Azərbaycan Televiziyasının Leyla Axundzadəyə həsr etdiyi sənədli filmdən kadrlar nümayiş olundu.
Lalə AZƏRİ