Bolqarıstanın ən qədim şəhərlərindən olan Sozopolda “Soleil” 8-ci Beynəlxalq Frankofoniya Festivalı çərçivəsində Azərbaycan mədəniyyəti gecəsi təşkil edilib.
Ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbir Azərbaycan Xalq Cümhuriyyətinin və görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubileylərinə həsr olunub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın icraçı prodüseri olduğu “Əli və Nino” filmi nümayiş etdirilib, Q.Qarayevin əsərləri səsləndirilib, “Bakı – müasirlik və qədimliyin harmoniyası” mövzusunda fotosərgi təqdim olunub.
Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova tərəfindən Sozopol şəhər kitabxanasına ölkəmiz haqqında kitablar – bolqar dilinə tərcümə edilmiş “Müasir Azərbaycan ədəbiyyatı”, Hüseyn Cavidin “Maral” və “Şeyda” əsərləri, dahi Nizaminin fransız dilinə tərcümə edilmiş əsərləri və s. nəşrlər hədiyyə edilib.
Festival çərçivəsində keçirilən plenerdə Makedoniya, Rumıniya, Mərakeş, Livan, Belçika, Fransa ilə yanaşı, Azərbaycandan da rəssamlar – Bəhruz Kəngərli və Bəhram Xəlilov iştirak ediblər. Onların çəkdikləri əsərlər festivalda nümayiş olunub.
Mədəniyyət gecəsində çıxış edən səfir Nərgiz Qurbanova müsəlman Şərqində ilk parlament respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin geniş şəkildə qeyd edildiyini diqqətə çatdırıb. Səfir deyib ki, bu il, həmçinin müsəlman dünyasında ilk opera olan “Leyla və Məcnun”un 110, Azərbaycan milli teatrının 145, kinematoqrafiyasının 120, görkəmli bəstəkar Q.Qarayevin 100 illik yubileyləri keçirilir.
Daha sonra N.Qurbanova təqdim olunan “Bakı – müasirlik və qədimliyin harmoniyası” fotosərgisi və digər tədbirlər haqqında məlumat verib. Bildirib ki, sərgidə bolqar rəssamı və fotoqrafı Tanya Uzunovanın çəkdiyi fotoşəkillər yer alıb.
Dahi bəstəkar Q.Qarayevin yaradıcılığına toxunan səfir deyib ki, sənətkarın 100 illiyi UNESCO-nun yubileylər proqramına daxil edilib, il ərzində ayrı-ayrı ölkələrdə qeyd olunur. Gecədə səsləndirilən əsərlərin əlyazmaları Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova tərəfindən müxtəlif arxivlərdən əldə edilərək kitab halında çap edilib. Diplomat Yeni Bolqarıstan Universitetinin professoru, pianoçu Ani Linçevanın ifasında təqdim olunacaq həmin musiqi nümunələrinin qonaqların zövqünü oxşayacağına ümidvar olduğunu deyib.
“Əli və Nino” filmi barədə qonaqlara məlumat verən səfir ekran əsərinin sevgi hekayəsi fonunda Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinə həsr olunduğunu söyləyib.
Qeyd edək ki, Sozopol festivalı Bolqarıstanda bu qəbildən yeganə tədbirdir. Festivalın proqramına sərgi və konsertlər, beynəlxalq elmi seminar, beynəlxalq plener, milli mətbəxlərin dequstasiyası daxildir.