Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin rəhbəri Vasif Talıbov “İslam mədəniyyətinin paytaxtı 2018”in açılış tədbirində iştirak edən ölkələrin nümayəndələri ilə görüşüb.

Vasif Talıbov qonaqları salamlayaraq Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” seçilməsində təşəbbüsü olanlara təşəkkür edib. Qeyd olunub ki, bu qərarın elan edildiyi 2009-cu ildən etibarən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və dəstəyi ilə bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Ötən dövrdə türk-islam mədəniyyəti abidələri bərpa olunub, İslam dini və onun dəyərləri ilə bağlı kitablar nəşr olunub. Ali Məclisin sədri “İslam mədəniyyətinin paytaxtı 2018” tədbirlərinin uğurla keçəcəyinə əminliyini bildirib.

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdüləziz Osman əl-Tüveycri ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə minnətdarlıq edib, “İslam mədəniyyətinin paytaxtı” seçilmiş şəhərlər və bu layihə üzrə görülən işlər barədə danışıb. Baş direktor bildirib ki, Azərbaycanın bu qədim diyarında zəngin tarixi-mədəni irs vardır. Eyni zamanda, Naxçıvan şəhərinin müasir inkişafı, İslam dəyərlərinin yaşadılması sahəsində görülən işlər məmnunluq doğurur.

İSESCO-nun rəhbəri təşkilatın bundan sonra da Naxçıvanla əməkdaşlığa mühüm əhəmiyyət verəcəyini bildirib, fikirlərini “Yaşasın Azərbaycan və onun “İslam mədəniyyətinin paytaxtı” Naxçıvan şəhəri, yaşasın İslam həmrəyliyi” sözləri ilə tamamlayıb.

Azərbaycan Respublikasının mədəniyyət naziri, Naxçıvan şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsi sədrinin müavini Əbülfəs Qarayev açılış tədbirində müsəlman ölkələrinin yüksək səviyyəli nümayəndələrlə təmsil olunduğunu və tədbirə böyük marağın olduğunu bildirib.

Sonra Əbdüləziz Osman əl-Tüveycri Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə bağlı İSESCO tərəfindən hazırlanmış rəmzi loqonu Vasif Talıbova təqdim edib.

Sonda xatirə fotosu çəkdirilib.

 

Qonaqlar “İslam mədəniyyətinin paytaxtı” ilə tanış olublar

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı – İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tüveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və “İslam mədəniyyətinin paytaxtı - 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində olublar.

Qeyd olunub ki, muxtar respublikanın ərazisi dünyanın ən qədim insan məskənlərindən biridir. Tarixin bütün dövrlərində bu qədim diyarda zəngin mədəniyyət və memarlıq nümunələri yaradılıb. Bu abidələr arasında Naxçıvanqalanın mühüm əhəmiyyəti vardır. Qala yalnız müdafiə məqsədi daşımayıb, eyni zamanda, burada formalaşmış ilkin şəhər mədəniyyətinin ayrılmaz elementinə çevrilib. 2010-cu ildə qalanın bərpasına başlanılıb, əvvəlki görkəmi özünə qaytarılıb. Muxtar respublika Ali Məclisi sədrinin 2013-cü il 5 iyun tarixli sərəncamı ilə burada muzey kompleksi yaradılıb. Muzeydə eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir.

Nümayəndə heyətləri Naxçıvan şəhərində inşa edilən yeni məscid binası ilə də tanış olublar. Məlumat verilib ki, muxtar respublika ərazisindəki dini-mədəni abidələr bərpa olunur, yeni məscidlər tikilir, dindarların ibadəti üçün hərtərəfli şərait yaradılır. Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” seçilməsi bu tədbirlərin əhatə dairəsini xeyli genişləndirib. Məscid binası ibadət zalından, 40 metrlik iki minarədən, qızlar və oğlanlar üçün mədrəsədən və kitabxanadan ibarət olacaq. Burada eyni vaxtda 5 min nəfər ibadət edə biləcək.

Sonra qonaqlar Naxçıvan Biznes Mərkəzində olublar. Qeyd edilib ki, mərkəzdə muxtar respublikada istehsal olunan müxtəlif növ ərzaq və sənaye məhsulları, əl işləri və rəsm əsərləri sərgilənir.

Naxçıvanla tanışlıq “Əshabi-Kəhf” ziyarətgahında davam edib. Bildirilib ki, bölgənin qədim tarixə malik özünəməxsus və təkrarsız abidələri içərisində “Əshabi-Kəhf” ziyarətgahının xüsusi yeri var. “Əshabi-Kəhf”dən müqəddəs Qurani-Kərimin Əl-kəhf surəsində ayrıca bəhs olunması bu məkanın İslamdan öncə də tanınmasının sübutudur. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə “Əshabi-Kəhf”in abadlaşdırılması və bərpa edilməsi barədə göstəriş verməsi xalqımızın dininə və tarixinə göstərilən qayğının bariz nümunəsidir. Bu gün “Əshabi-Kəhf” dünyanın dörd bir yanından gələn zəvvarların ziyarətgahına çevrilib. Təkcə bu ilin ötən dövründə 20 mindən artıq yerli və xarici qonaq bu möcüzəvi məkanda olub.

Ali Məclisin rəhbəri  Vasif Talıbov və “Naxçıvan İslam mədəniyyətinin paytaxtı 2018”in açılış tədbirinin iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzinə də baş çəkiblər. Bildirilib ki, buradakı xəstəxana 600 yerlikdir. Müalicə turizminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyan mərkəzdə dünyanın bir çox ölkələrindən hazırda 400-ə yaxın xəstə müalicə olunur.