Qazaxıstanın paytaxtı Astanada III Humanitar Forum keçirilib.
Forumda Astananın paytaxt elan olunmasının 20-ci ildönümünə həsr edilmiş “Sivilizasiyaların harmoniyası və şəhər mədəniyyəti”, türk dünyasının böyük şəxsiyyətləri – qazax yazıçısı Mağjan Jumabayevin 125, qırğız yazıçısı Çingiz Aytmatovun 90 illik yubileyləri münasibətilə “Türk ədəbi əlaqələri: ənənə və müasirlik”, eləcə də “Böyük Çölün mənəvi oyanışı”, “Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri” adlı panellərdə türk dünyasında elmin inkişafı, şəhər mədəniyyəti, türkologiya, türk ədəbiyyatında ənənə və müasirlik kimi məsələlər diqqət mərkəzində olub.
Tədbirdə Azərbaycan, Almaniya, Çin, Qırğızıstan, Monqolustan, Moldova, Özbəkistan, Polşa, Rusiya, Tacikistan, Türkiyə və digər ölkələrdən alim, tədqiqatçı və mütəxəssis məruzələr edib və fikir mübadiləsi aparıblar.
Astana III Beynəlxalq Humanitar Forumunun “Türk dövlətçilik ənənələrinin xüsusiyyətləri” adlı paneli Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr edilib. Bu bölmədə məruzəçilər Cümhuriyyətin türk dövlətçilik tarixində və milli azadlıq ideyalarının formalaşmasında oynadığı rol barədə müzakirələr aparıblar.
Forumun açılış mərasimində bu barədə məlumat verən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali bildirib ki, əsas məqsəd bu tarixi irsi bütün dünyaya təqdim etməkdir.
Qazaxıstanın dövlət katibi Gülşara Abdıkalıkova qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti türk dünyasının dövlətçilik və milli ideoloji fikir tarixində çox önəmli rol oynayıb. “Qazaxıstanda təşkil olunan forumda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin də qeyd olunması əhəmiyyətli hadisədir. Biz tariximizdə silinməz iz qoyan bu cür əhəmiyyətli hadisələr və böyük şəxsiyyətləri beynəlxalq əhəmiyyətli forumda xatırlamaqla onların gələcək nəsillərə çatdırılmasını təmin edirik”, - deyə o bildirib.
Professor Aygün Əttar Azərbaycan Xalq Cümhuriyyətinin yubileyinin beynəlxalq səviyyədə, o cümlədən Qazaxıstanda qeyd olunmasından məmnunluğunu bildirib.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının keçmiş baş katibi Xəlil Akıncı Azərbaycanın tarix boyunca təkcə Qafqazda deyil, Anadoluda və Mərkəzi Asiyada da milli dövlətçilik ideologiyasının və milli düşüncənin formalaşmasında vacib rol oynadığına diqqət çəkib.
Forumda Beynəlxalq Türk Akademiyası nəzdində Altaistika, Türkologiya və Monqolistika Mərkəzinin yaradılması barədə sənəd imzalanıb, türkologiyanın inkişafındakı xidmətlərinə görə bir neçə nüfuzlu alimə akademiyanın qızıl medalı təqdim edilib.
Qeyd edək ki, forumun işində UNESCO, İSESCO, İqtisadi Əməkdaşlıq Təşkilatının Elm Fondu, Türk Şurası və TÜRKPA kimi beynəlxalq təşkilatların rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.